Bu gün Azərbaycanın daha beş qadın güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq. 53 kq çəki dərəcəsində çıxış edən Türkan Nəsirova təsnifat mərhələsində Mariya Spirkovska (Şimali Makedoniya) ilə üz-üzə gələcək.
57 kq-dakı Jalə Əliyeva 1/4 finalda Anna Şel (Macarıstan) - Yelena Brügger (Almaniya) cütünün qalibi ilə görüşəcək.
62 kq-dakı Birgül Soltanova təsnifatda Viktoriya Vessoyla (Estoniya), 65 kq-dakı Elis Manolova 1/4 finalda İrina Rinqaci (Rumıniya) - Kendra Daçer (Fransa) duelinin güclüsü ilə qarşılaşacaq.
Nəhayət, 72 kq-dakı Nigar Mirzəzadə təsnifatda Lyudmila Tiçinanın (Ukrayna) müqavimətini qırmağa çalışacaq.
Bu gün, həmçinin, digər üç qadın güləşçi medal görüşündə qüvvəsini sınayacaq. 50 kq-dakı səkkizqat qitə çempionu Mariya Stadnik finalda Oksana Livaçla (Ukrayna) üz-üzə gələcək.
55 kq-dakı Elnurə Məmmədova və 59 kq-dakı Alyona Kolesnik bürünc medal qarşılaşmasına çıxacaqlar. Onlar müvafiq olaraq Katarjina Kravçik (Polşa) və Sandra Paruşevski (Almaniya) ilə güləşəcəklər.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər Avropa çempionatını 6 medalla başa vurublar və komanda hesabında da çempion olublar. Yarış aprelin 23-də başa çatacaq.