“Biz hazırda nazirlik olaraq Mingəçevir şəhərində UNESCO və UEFA ilə bərabər tədqiqat aparırırq. Əsas məqsədimiz Mingəçevir şəhərində 10-12 yaşlı uşaqlar üçün COVİD-dən sonra onların fiziki və mental sağlamlığının bərpası üçün futbol məşqlərinin təşkil olunmasıdır”.
Bu sözləri jurnalistələrə açıqlamasında Gənclər və İdman Nazirliyinin tədqiqat və layihə mərkəzinin rəhbəri, dosent Oqtay Quliyev deyib.
O, həmçinin Mingəçevirdə idmana olan marağı öyrənmək üçün şəhər sakinləri arasında sorğu keçirdiklərini də qeyd edib.
“Biz valideynlər, yəni 35-45 yaş arası xanımlar üçün gimnastika, kişilər üçün isə voleybol tədqiqatlarını həyata keçiririk. Təxminən iki həftə ərzində minə yaxın respondent arasında sorğu apardıq. Ümumilikdə Mingəçevir əhalisinin gimnastika və voleybola olan münasibətini öyrənməyə çalışmışıq. Gələcəkdə UNESCO və UEFA ilə bağlı bölgələrədə idmanın inkişafı üçün öz dəstəyimizi verməyi hədəfləyirik”, - deyə Oqtay Quliyev bildirib.
Nazirliyin nümayəndəsi müsahibəsində Mingəçevir Gənclər paytaxtı elan olunduğunu, həmçinin nisbətən zəif olan idman növlərinin inkişafı üçün müəyyən işlərin həyata keçirildiyini qeyd edib.
“Qurumların bizdən əsas istədiyi gimnastika və voleybolla bağlı sorğunun aparılması idi. Təbii ki, burada əsas məqsədimiz bölgələrdə zəif olan idman növlərinin inkişaf etdirilməsidir. Burada Mingəçevirin Gənclər paytaxtı olması da öz sözünü dedi. İlkin araşdırmalar onu göstərir ki, voleybol nisbətən geri qalır. Basketbolla bağlı da biz istəklərin olduğunu gördük. Həmçinin futbolla bağlı, xüsusən də orta yaş qrupları üzrə fəaliyyətlərin normal olduğunu müşahidə etdik. Bu səpkidə öz araşdırmalarımıza davam edəcəyik”, - deyə O.Quliyev bildirib.