“Artıq üçüncü dəfədir ki, Qarabağ və Mingəçevirdə təşkil olunan yarışlarda iştirak edirəm. Ötən il keçirilən turnirdə məğlub olsam da, ruhdan düşmədim”.
Bu sözləri jurnalistlərə açıqlamasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Prezident Kuboku-2023” beynəlxalq reqatasının kanoe üzrə birnəfərlik qayıqda 200 metr məsafəyə yürüşlərinin qalibi Elmir Məmmədov bildirib.
Qazandığı qələbəyə görə məşqçi və federasiya rəhbərliyinə minnətdarlığını bildirən avarçəkən digər idmançılara da tövsiyə etməyi unutmayıb:
“Bu il təşkil olunan beynəlxalq reqataya daha əzmlə çalışaraq qələbə qazanmağa nail oldum. Ötən gün Suqovuşanda təşkil olunan kanoe üzrə birnəfərlik qayıqda 200 metr məsafəyə yürüşlərdə birinci yeri tutdum. 500 metr məsafə üzrə yürüşdə isə ikinci yerlə kifayətləndim.
Əldə etdiyim uğura görə üzərimdə əziyyəti olan məşqçi müəllimlərimə və bizə yaradılan şəraitə görə federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm. İdmançılara tövsiyəm odur ki, heç vaxt ruhdan düşməsinlər və sona qədər əzmlə mübarizə aparsınlar”.
Qeyd edək ki, 20 ölkədən 100-dək idmançının iştirak etdiyi yarışın ilk günündəSuqovuşan su anbarında kayak və kanoe üzrə 200, 500 metr məsafəyə yürüşlər təşkil olunub
Turnirə sabah keçiriləcək akademik avarçəkənlərin yarışı ilə yekun vurulacaq. Qaliblərin mükafatlandırma mərasimi isə bir gün sonra Bakı bulvarında təşkil olunacaq.