Ukraynalı idmançı “Prezident Kuboku”ndakı çıxışından danışdı

Ukraynalı idmançı “Prezident Kuboku”ndakı çıxışından danışdı

“Yarışda iştirak etmək üçün Ukraynadan gəlmişəm. İlk dəfədir ki, bu turnirdə mübarizə aparıram”.

Bu sözləri ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident Kuboku-2023” beynəlxalq reqatasının qızıl və gümüş mükafatçısı Mişel Fesun qələbə təəssüratlarını jurnalistlərlə bölüşən zaman deyib.

Yarışın təşkilatçılıq səviyyəsindən razı qalan idmançı turnirdəki çıxışını uğurlu hesab edib.

“200 metr məsafəyə birnəfərlik kayak qayığı ilə yarışlarda ikinci yeri tutdum. İlk çıxışımda hava şəraitinə görə müəyyən qədər çətinlik çəkdim. Amma sonrakı çıxışımda birnəfərlik kayak qayığında 500 metr məsafə üzrə yürüşdə birinci yerə layiq görüldüm. Əldə etdiyim qələbəyə görə çox şadam”.

Qeyd edək ki, 20 ölkədən 100-dək idmançının iştirak etdiyi yarışın ilk günündəSuqovuşan su anbarında kayak və kanoe üzrə 200, 500 metr məsafəyə yürüşlər təşkil olunub.

Turnirə sabah keçiriləcək akademik avarçəkənlərin yarışı ilə yekun vurulacaq. Qaliblərin mükafatlandırma mərasimi isə bir gün sonra Bakı bulvarında təşkil olunacaq.