Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Baku Open 2023” beynəlxalq şahmat festivalının açılış mərasimi olub.Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın açılış mərasimində “Heydər Əliyev və Azərbaycan şahmatı” adlı videoçarx nümayiş olunub.
Sonra Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov çıxış edərək ölkə şahmatının inkişafının əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. M.Məmmədov şahmata olan diqqət və qayğının bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç şahmat yarışlarının yüksək səviyyədə təşkilatçılığı eləcə də bu idman növünün inkişafı naminə görülən işlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib.
Gənclər və idman naziri Fərid Qayıbov may ayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan bir sıra idman tədbirlərinin keçiriləcəyini vurğulayıb. Sonda nazir yarış iştirakçılarına uğurlar arzulayıb.
Dövlət Himni səsləndirildikdən sonra rəsmi hissə başa çatıb.
Açılış şahmata həsr olunan rəqs kompozisiyası ilə yekunlaşıb.
Qeyd edək ki, ikinci turda FIDE prezidenti Arkadi Dvorkoviç, gənclər və idman naziri Fərid Qayıbov müxtəlif lövhələrdə rəmzi ilk gedişi ediblər.