Niyaməddin Paşayev: “Ümid edirik ki, hər şey gözlədiyimizdən də yaxşı olacaq”

Niyaməddin Paşayev: “Ümid edirik ki, hər şey gözlədiyimizdən də yaxşı olacaq”

Mayın 29-dan iyunun 4-dək paytaxtımız taekvondo üzrə dünya çempionatına ev sahibliyi edəcək. “Öz gücünü alovlandır” şüarı altında sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə və ümummilli lider Heydər Əliyevin 100 illiyinə təsadüf edəcək. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər və yubiley konserti təşkil olunacaq.
Bu günlərdə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevlə əlaqə saxlayıb, beynəlxalq əhəmiyyətli idman tədbirinə hazırlıqla bağlı danışdıq.

- Niyaməddin müəllim, paytaxtımız taekvondo üzrə dünya çempionatına hazırlaşır. İstərdik ki, yarışlara hazırlıq prosesinin gedişatı barədə məlumat verəsiniz.

- Ölkəmizdə təşkil olunacaq dünya çempionatı Baku Kristal Hallda keçiriləcək. Yarışa hazırlıqla bağlı Təşkilat Komitəsi üzərinə düşən işləri görür. Bu günlərdə federasiya prezidentinin də iştirakı ilə yarışa son hazırlıqla bağlı Təşkilat Komitəsinin iclası keçirildi. Federasiya prezidenti hazırlıq işləri ilə yaxından tanış oldu və öz tövsiyyələrini verdi. Bundan başqa iclasda hazırlıqla bağlı digər məsələlər də müzakirə olundu. Demək olar ki, yarışların təşkilində bütün texniki məsələlər nəzərdən keçirilib və hazırlıq işləri yüksək səviyyədə davam edir. Ümid edirik ki, hər şey gözlədiyimizdən də yaxşı olacaq.   
 

- Bu yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley tədbiri şəhərimizdə qeyd olunacaq. Mümkünsə bir qədər anons kimi yubiley tədbiri barədə məlumat verərdiniz.

- Yubileylə bağlı Bakıya 3 minə yaxın qonağın gələcəyi gözlənilir. Onların arasında Beynəlxalq Olimpiya Komitəsinin üzvləri, xarici ölkələrin taekvondo üzrə federasiya rəhbərləri, idmançılar, məşqçilər, hakimlər və digər qonaqlar da yer alacaqlar. Bununla bağlı  Heydər Əliyev Mərkəzində tədbir keçiriləcək. Tədbirdə 450 nəfər nümayəndə iştirak edəcək ki, bunlardan da 350 nəfəri xarici ölkələrdən gəlmiş qonaqlar olacaq. Dünya Taekvondo Federasiyasının Bakıdakı tədbirində bir sıra təltiflər də olacaq. Amma etiraf edim ki, kimlərin təltif olunacağı ilə bağlı hər hansısa bir məlumatım yoxdur.
 

- İstərdik bir qədər də Bakıdakı yarışın Paris Olimpiadasından əvvəl təşkil olunmasının əhəmiyyəti barədə danışasınız.

- Bəli, bu çempionat olimpiada qabağı ən böyük yarış olacaq. Azərbaycana təxminən 150 ölkədən 1500-dək idmançı gələcək. Hələlik 90 ölkə iştirakını təsdiqlədiyib.  Dünya çempionatının Azərbaycanda keçirilməsi çox önəmli məsələdir. Çünki hakimlərin seçimi də məhz Bakıdakı yarışdan sonra baş tutacaq. Bundan əlavə yarış lisenziya baxımından da əhəmiyyətlidir.  

 
- Hazırda demək olar ki, komandalarımızda nəsildəyişmə prosesi gedir. Heyətin gəncləşdiyini nəzərə alaraq olimpiada qabağı təşkil olunacaq bu yarışda komandamızdan hansı nəticəni gözləmək olar?

- Komandamız bu yarışda 8 kişi və 5 qadın idmançı ilə təmsil olunacaq.  Dünya çempionatının hazırlıq yanvar ayından başlanılıb. Həm qadınlar, həm də kişilərdən ibarət komandalarımız son hazırlıq prosesini keçirlər.  Düzdür, heyətimiz gəncləşdirilib. Ümumiyyətlə, hər 4-5 ildən bir komandalarda nəsildəyişmələr olur ki, biz də hazırda bu prosesdən keçirik. Yığmaya yeni gəc idmançılar cəlb olunub. Amma bununla belə, həm qadınlar, həm də kişilərdən ibarət yığmada təcrübəli idmançılar da yer alıblar. Nəticələr barəsində danışarkən isə proqnoz verməkdə çətinlik çəkirəm. Amma komandamızda dünya çempionu olmağa potensial taekvondoçularımız var. Onlardan dünya çempionatında qızıl medal gözləyirik. Ümid edirəm ki, Bakıda keçirilən dünya çempionatında idmançılarımız Paris Olimpiadasına lisenziya qazanmaq üçün əllərindən gələni edəcəklər. 

- Yarışda rusiyalı idmançıların da iştirakı nəzərdə tutulub. Bu qərar Bakıya gələcək digər ölkələrin narazılığına səbəb olmayacaq? Çünki xarici mətbuatda bir neçə ölkənin rusların Bakıdakı yarışda iştirakına qarşı çıxaraq çempionatı baykot edəcəkləri ilə bağlı xəbərlər yer almışdı.

- Qərara əsasən Dünya Taekvondo Federasiyasının bayrağı altında rusların bu yarışda iştirakına icazə verilib. Amma bu günə qədər Rusiya komandası yarışda iştirakla bağlı qeydiyyatdan keçməyib. Ümumiyyətlə, bu Azərbaycanın həll edəcəyi bir məsələ deyil. Düşünürəm ki, bu, Dünya Taekvondo Federasiyası ilə Rusiya arasında olan bir məsələdir. Əgər beynəlxaq federasiya buna icazə veribsə, deməli ruslar da bu yarışda iştirak edə bilərlər.   

 
- Komanlarımız bu yarışdan sonra daha bir mötəbər turnir olan Avropa Oyunlarında iştirak edəcək. Həmin yarışa hazırlıq və gözləntilər nədən ibarətdir?

- Avropa Oyunlarından əvvəl idmançılarımız Bakıda dünya çempionatında iştirak edəcəklər. Onlar bu yarışdan sonra qısa hazırlıq keçəcəklər. Bundan sonra komandamız Avropa Oyunlarına yollanacaq. Komandamızın çıxışının nə dərəcədə uğurlu olacağını yarış göstərəcək. Əvvəlcədən hansısa idmançının nəticə qazanacağı ilə bağlı açıqlama verə bilmərəm.

 

Azər Əlizadə