Cüdo Federasiyası media nümayəndələrini bir araya topladı

Cüdo Federasiyası media nümayəndələrini bir araya topladı

   “Biz demirik ki, bu uğursuzluqda federasiyanın günahı yoxdur”

Mayın 7-14-də Qətərin paytaxtı Dohada keçirilən cüdo üzrə dünya çempionatında böyüklərdən ibarət yığma komandamızın qazandığı bir bürünc medal ölkə mətbuatında uğursuz nəticə kimi dəyərləndirildi. 13 idmançımızdan yalnız Zelim Kotsoyevin (-100 kq) üçüncü yeri tutmasını  millimizin fiaskosu, hətta son illərin ən zəif nəticəsi kimi də adlandıranlar  oldu. Bəs görəsən, Azərbaycan Cüdo Federasiyasının (ACF) yeni rəhbərliyinin cüdonun inkişafi istiqamətində gördüyü işlərin dəyəri Dohada niyə məhz bir bürünclə ölçüldü? Səbəblərə elə ACF rəhbərliyinin özü aydınlıq gətirdi. Ötən həftə Abşeron hotelde idman jurnalistlərini bir araya toplayan federasiya rəhbərliyi dəyirmi masa ətrafında keçirilən mətbuat konfransında mundialdakı uğursuzluğun səbəbləri və qarşıdakı hədəflər barədə media nümayəndələrinə məlumat verdi.
ACF-in baş katibi Rəşad Rəsullu və federasiyanın vitse-prezidenti Elnur Məmmədlinin iştirak etdiyi konfransda bir sıra qaranlıq məqamlara da işıq salındı.
İlk olaraq çıxış edən Rəşad Rəsullu yarışda əldə olunan nəticənin federasiya rəhbərliyini qane etmədiyini dilə gətirdi: “Qətərdəki dünya çempionatında 9 kişi və 4 qadın cüdoçumuz iştirak edirdi. Federasiya olaraq ümumi nəticədə bir bürünc medalın qazanılmasını uğursuzluq kimi qiymətləndiririk. Bu nəticə bizi qane edə bilməz. Ona görə ki, komandamızın potensialı bundan qat-qat yüksəkdir. Bu çempionatda ən azı 1-2 finalımız və 3-4 medalımız olmalı idi. Bunu idmançılarımızın potensialına, mövcud nəticələrə və püşkatmadan sonra yaranan vəziyyətə baxaraq deyirik. Amma yekunda uğursuzluğun nəyə görə olması ilə bağlı müxtəlif fikirlər səsləndirilir, məşqçilər, idmançılar günahlandırılır. Bəzən tənqidi fikirlər səslənəndə bilmək olur ki, həmin şəxslər idmançılarımızın görüşlərinə baxmayıblar. Biz demirik ki, bu uğursuzluqda federasiyanın günahı yoxdur. Təbii ki, bizim də, məşqçilərin də idmançıların da səhvləri var. Əgər bir uğursuzluq varsa, onu araşdırıb, həmin səhvləri aradan qaldırmaq lazımdır”.
Daha sonra baş katib videosujetlər əsasında idmançılarımızın çıxışını təhlil edərək uğursuz nöqsanları qeyd etdi. O, əvvəlcə qadın cüdoçularımızın çıxışına toxunaraq Leyla Əliyeva, Könül Əliyeva, Aydan Vəliyeva və Gültac Məmmədəliyevanın mundialdakı nəticələrini şərh etdi: “Aydan ilk görüşdə qalib gəlib, ikinci mərhələdə özündən qat-qat güclü idmançıya məğlub oldu. Fikrimcə, digər cüdoçumuz Gültac da ikinci görüşdə qalib gələ bilərdi, amma bir qədər təcrübəsi çatmadı. Leyla bir vazari ilə uduzdu. Könül üçün isə bu yarışın inkişaf baxımından vacib olduğunu düşünürük. Ümumilikdə etiraf edirik ki, qadınların mübarizəsində medal gözləmirdik. Amma bununla yanaşı, onların çıxışını indiki vəziyyətdə qənaətbəxş hesab etmək olar”, - deyə baş katib bildirdi.
Rəşad Rəsullu daha sonra Dohaya 9 kişi cüdoçu ilə yollanan komandamızın uğursuz çıxışına da bir-bir münasibət bildirdi: “Dünya çempionatında 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev yol verdiyi ciddi səhvlərə görə məğlub oldu. Onun səviyyəsində idmançı elə bir səhvə yol verməməli idi. Buna görə də açıq demək istəyirəm ki, məğlubiyyətdə məşqçinin heç bir günahı yoxdur. Onun finala yüksəlmək ehtimalı böyük idi. Lakin ciddi səhvlərə görə, nəticə əldə edə bilmədi. Bu çəkidə çıxış edən digər cüdoçumuz Turan Bayramovun yaponiyalı idmançıya işlətdiyi fənd isə təəssüf ki, ippon kimi dəyərləndirilmədi. Bu qərarı ədalət təmsilçilərinin yaponiyalı idmançının nüfuzundan çəkinərək, qəbul etməsi ilə əlaqələndirmək də olar”.
Baş katib daha sonra yığma komandanın aparıcı simalarından olan Kəramət Hüseynovla bağlı məsələyə də aydınlıq gətirdi: Kəramətin məşqlərə intizamsız yanaşmasına idmançının dayısı, Olimpiya çempionu Elnur Məmmədlinin yanında toxunan R.Rəsullu perspektivli cüdoçunun buna görə yığmadan uzaqlaqşdırılma təhlükəsi ilə də üz-üzə qaldığını dedi. “Kəramət ən istedadlı cüdoçularımızdan biridir, amma bundan yararlana bilmir. O, tez-tez  məşqləri buraxır, nizam-intizamla bağlı problemi var. Bir gün məşq buraxdınsa, gərək bir həftə dayanmadan hazırlıq keçməlisən. Onun intizamı isə bizi qane etmir. Bununla bağlı onunla Elnur Məmmədli ilə bir yerdə dəfələrlə söhbət etmişik. Hətta Elnur Məmmədli bir il əvvəl bu intizamsızlığına görə Kəramətin yığmadan qovulmalı olduğunu deyib. Amma biz idmançını itirməkdən çox qazanmaq istəyirik. İtirmək asandı, onu qazanmaq isə çətin. Əlimizdən gəldiyi qədər çalışırıq ki, onu qoruyaq. Kəramət bu gün qayıdıb, əvvəlki kimi, məşq edərsə, üç aya böyük nailiyyət əldə edə bilər”.
Baş katib 66 kq çəkidə uğursuzluqla yadda qalan yığmamızın titullu idmançısı Orxan Səfərovun da çıxışını dəyərləndirdi. O, qeyd etdi ki, Orxan bu qaydada çıxış edərsə, yığmadakı yerini itirə bilər. “66 kq bu gün ağır çəki ilə yanaşı, bizim problemli yerimizdir. Orxan Səfərovun cəldliyi əvvəlki kimi deyil. Biz bunu qəbul etməliyik. Bundan başqa onun özünün də motivasiyası olmalıdır. O, maksimum Olimpiya Oyunlarına qədər güləşəcək. Amma Orxan bu güləşlə medal qazana bilərmi? Bunu o, özü-özünə sual verməlidir. Biz də federasiya olaraq özümüzə sual verməliyik ki, belə olan məqamda necə davam etməliyik? O, özü nə istədiyini başa düşməlidir. Bu çəki ilə bağlı müəyyən qərarlar verməliyik”.
Rəşad Rəsullu Dohada komandamızın əsas medal ümidlərindən olan Hidayət Heydərovun uğursuz çıxışını isə aldığı zədə ilə əlaqələndirdi. “Hidayət birinci görüşdən sonra dizindən zədə almışdı. İkinci dərəcəli yırtıq aşkarlanmışdı. O, zədəsinə görə altı həftə məşq edə bilməyəcək. Yarışda güclü xarakter nümayiş etdirərək, yarımfinala qədər qalib gəldi. Hətta onu ağrıkəsici iynələrin köməyi ilə görüşə çıxarırdıq. Yaponlar onun hansı ayağından zədə aldığını gördülər, çünki axsayırdı. Uduzduğu görüşdə də bu amil rol oynadı, rəqibi onun zədəsindən istifadə etdi. Hidayət güclü xarakterə malik olan idmançılardan biridir. Amma son vaxtlar onun çəki ilə bağlı da problemləri var. O, özünü 83 kiloqramdan 73 kq-a salır. Bu da onun performansına mənfi təsir göstərir. Hidayət özü də bunu yaxşı başa düşür. Biz hətta xaricdən onun üçün dietoloq da tutmuşuq. Amma gərək idmançı özü də buna əməl etsin. Biz gecə saat ikidə idmançının yanında ola bilmərik. Ona proqram verilir və buna əməl edilməlidir. O, özü də söz verib ki, çəkisinə nəzarət edəcək. Ümid edirik ki, bu səhvdən nəticə çıxaracaq. Çünki Hidayət bizim ən çox ümid bəslədiyimiz idmançılardan biridir”, - deyə R.Rəsullu bildirdi.
Federasiyanın baş katibi 81 kq və 90 kq çəkidə güləşən idmançılarımızın çıxışına da mövqeyini bildirərək burada olan problemləri qabartdı: “81 kq-da çıxış edən Səid Mollayi Azərbaycanın adından təmsil olunandan bütün yarışlarda fəxri kürsüdə yer alıb.  Lakin budəfəki yarışda onun başı yerə dəydiyi üçün məğlub oldu. Bu, yarış qaydalarına zidd idi. Bu günə qədər Səid kimi peşəkar idmançının belə səhvi olmayıb. Amma belə bir hallar digər idmançılarla görüşdə olsa da hakim bunun üçün digər rəqibə xal verməyib.
90 kq çəkidən danışanda isə Məmmədəlinin çəki probleminin olduğunu deyə bilərəm. Şəxsi məşqçisi Tərlan Həsənov da bunu etiraf edir. O, 102 kiloqramdan çəki salaraq 90 kq-da güləşir. Lakin bu çəkidə mübarizə aparan digər cüdoçumuz Murad Fətiyevin çıxışını qənaətbəxş hesab etmək olar. O, iki görüşdə qalib gəlsə də sonrakı mərhələdə dünya ikincisinə məğlub olaraq mübarizəni dayandırdı. Biz onun çıxışına baxsaq, son vaxtlar hazırlıq səviyyəsinin müsbətə doğru getdiyini deyə bilərik”.
Baş katib Dohada komandamıza yeganə bürünc medalı qazandıran idmançımız Zelim Kotsoyevin (-100 kq) çıxışından danışarkən isə burada ona qarşı haqsızlıq olunduğunu qeyd etdi:
“Zelim Kotsoyevin ən azı gümüş medalını əlindən aldılar. Onun rəqibi ikiqat Olimpiya, dünya və Avropa çempionu olan çexiyalı Lukas Krpalek idi. Rəqib kəmərdən aşağını tutmuşdu. Bu, kadrlardan da aşkar görünür. Beləliklə, o, üçüncü cərimə xalı ilə uduzmalı idi. Bizə qarşı qərəzin olmasına inanmıram. Hakimlər sonradan səhv etdiklərini dedilər. Amma bu, heç nəyi dəyişmədi”.
Rəşad Rəsullu +100 çəki dərəcəsindən danışarkən isə burada çıxış edən idmançımız Uşangi Kokaurinin də son vaxtlar güləşində irəliləyişin olduğunu bildirdi.
Baş katib son olaraq çıxışında hazırda əsas hədəflərinin Paris-2024 Yay Olimpiya Oyunları olduğunu söylədi: “Məşqçilər heyəti ilə işləməyə davam edəcəyik. Bu sahədə irəliləyişlər görürük. Bundan başqa hakimlərimizin də inkişafına və beynəlxalq yarışlarda təcrübəsinin artmasına nail olmaq üçün bacarığımızı əsirgəməyəcəyik. Həmçinin yeniyetmələr arasında cüdonun inkişafı üçün komandalarımızı mütəmadi olaraq yarışlara və təlim-məşq toplanışlarına göndəririk. Bölgələrdə də cüdonun inkişafı üçün işlər görülür, yeni zallar istifadəyə verilir, tatamilər paylanılır. Biz təkcə Paris Olimpiadasını düşünməməli, Los-Anceles-2028-də də iştirak edəcək və medal qazana biləcək idmançıları indidən yetişdirməliyik. Paris-2024 barəsində danışada isə kişilərdən 7, qadınlardan 2 cüdoçunun lisenziya qazanacağını gözləyirəm. Medal barədə isə proqnoz verməyəcəyəm”.

 

 

Azər Əlizadə