Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped yarışına start veriləcək. Beynəlxalq Velosipedçilər İttifaqının müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı, 5 mərhələli yarışda Azərbaycan, Bolqarıstan, Rumıniya və Türkmənistan milli komandaları, həmçinin Türkiyə, Niderland, Qazaxıstan, Almaniya, Monqolustan, Misir, Filippin, Belçika, Çin və İtaliya klubları iştirak edəcəklər. Bu ölkələrdən Qazaxıstan və Almaniya iki klubla təmsil olunacaq. Ümumilikdə 14 ölkədən 16 komandanın heyətində 100-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq.
Yarışda Bakının Səbail rayonunda yerləşən Veloparkdan start veriləcək. İlk mərhələdə velosipedçilər 150 kilometr məsafə qət edərək Şamaxı rayonunda finiş xəttini keçəcəklər. İdmançılar iyunun 8-də Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2, ayın 9-da Qəbələdən Gəncə şəhərinin mərkəzinədək 170, iyunun 10-da Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkınadək 102,9, 11-də isə Beyləqandan Şuşa şəhərinədək 134,9 kilometr məsafədə yarışacaqlar.