"Polşada təşkil olunacaq III Avropa Oyunlarının cüdo yarışları qarışıq komanda formatında keçiriləcək. Bir gün davam edəcək yarışlarda qadınlar və kişilər hərəsi 3 çəki dərəcəsində təmsil olunacaqlar”.
Bu sözləri olimpnewsa açıqlamasında Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu bildirib.
Federasiya rəsmisi Oyunların bir sıra önəmli yarışlar və hazırlıq prosesi ilə üst-üstə düşdüyünə görə Polşada əsas heyətin iştirak etməyəcəyini qeyd edib.
“Əsas cüdoçuların Polşaya aparılmamasına baxmayaraq, kifayət qədər iddialı heyət formalaşdıra bilmişik. 73 kq çəki dərəcəsində iştirak edəcək Nəriman Mirzəyev ötən il keçirilən V İslam Həmrəyliyi Oyunlarının qalibi, Rəşid Məmmədəliyev isə bu yaxınlarda Avrstiya Qran-Prisinin gümüş mükafatçısı olub. Rəşid vaxtilə gənclər arasında da nəticəsi olan idmançılarımızdandır. Vüqar Talıbov və Elcan Hacıyev isə ötən il gənclər arasında Avropa çempionu tituluna sahib çıxıblar. Ağır çəkidə isə Camal Həmzətxanov və İmran Yusifov çıxış edəcəklər. Qeyd edim ki, hər çəki dərəcəsində iki cüdoçu Polşaya gedəcək ki, onlardan da biri ehtiyat imançıdır. Qadınlarda 57 kq çəkidə Fidan Əlizadə, 70 kq-da Günel Həsənli, Südabə Ağayeva, ağır çəkidə isə Nərmin Əmirli və Nigar Süleymanova təmsil olunacaq. Təbii ki, heyətimiz gənc idmançılarımızdan formalaşıb. Yarışların qarışıq komanda formatında keçirilməsi və ölkəmizdə qadın cüdosunun, xüsusilə də ağır çəkilərdə idmançılarımızın o qədər də güclü olmaması gözləntilərimizin yüksək olmadığını deyir. Amma əminəm ki, cüdoçularımız yarışda yüksək səviyyədə çıxış etmək üçün bütün bacarıqlarından istifadə edəcəklər”.