“Yarışa hazırlıq üçün gərgin məşqlər etmişik. Mənim üçün çətin rəqiblərimin hamısı Avropa qitəsindən olan idmançılardır. İştirakçıların siyahısına baxdıqda isə həmin rəqiblərin bu yarışda da iştirak edəcəyini görmək olar”.
Bu sözləri olimpnewsa açıqlamasında dünya və Avropa çempionatının mükafatçısı, takvondo üzrə yığma komandanın üzvü Fəridə Əzizova deyib.
Yığma komandanın heyətində Polşaya yollanacaq idmançı Oyunların çətinlik səviyyəsinə görə də dünya, Avropa çempionatları və Qran-Pri yarışları ilə eyni olduğunu qeyd edib.
“Avropa Oyunları digərlərindən sadəcə, adına görə fərqlənir. Avropa Oyunlarında da Olimpiya Oyunları və Qran-prilərdə olduğu kimi, reytinq olaraq “ilk 16-lıq” götürülüb. Əsas rəqiblərimin Avropa qitəsindən olduğunu nəzərə alsaq, yarışın heç də asan keçməyəcəyini düşünmək olar. Amma təbii ki, çalışacağıq ki, Oyunlardan Vətənə medalla qayıdaq. Birinci Avropa Oyunlarında taekvondo yığması oğlanlar və qızlar olaraq daha yaxşı nəticə göstərmişdi. Bu Oyunlarda da ən azından həmin medal sayını təkrarlamağa çalışacağıq”.
Qeyd edək ki, Fəridə Əzizova ilk dəfə Bakıda keçirilən I Avropa Oyunlarının və Bakı-2017-nin gümüş, Konya-2021-in isə qızıl medalçısıdır.