“Polşada təşkil olunacaq III Avropa Oyunlarında iki kikbokçumuz çıxış edəcək. Onlardan biri Fərid Ağamoğlanov, digəri isə Elşad Şahbazovdur”.
Bu sözləri olimpnewsa müsahibəsində Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin sədr müavini, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı Eduard Məmmədov deyib.
O, Polşada idmançılarımızdan yalnız qızı medal gözlədiyini qeyd edib:
“Tələbəm Fərid yarışda 63,5 kq çəki dərəcəsində full-kontaktda döyüşəcək. O, ötən il Türkiyədə keçirilən V İslam Həmrəyliyi Oyunlarının qalibi, Avropa çempionatının isə üçüncüsü olmuşdu. Fərid qitə çempionatında üç döyüşdə qalib gəlsə də, növbəti mərhələdə italiyalı idmançıya cəmi bir xal fərqi ilə uduzmuşdu. Mayın 18-21-də İstanbulda keçirilən WAKO versiyası üzrə dünya kubokunda isə Fərid dörd döyüşdə qalib gəldi. O, bu Oyunlarda çıxış edəcək finlandiyalı idmançını İstanbulda vaxtından əvvəl məğlub etdi. Bundan başqa Polşada rəqibi olacaq türkiyəli kikboksçu da Fəridin qarşısında tab gətirə bilmədi. Bir sözlə, III Avropa Oyunlarındakı rəqiblərin hamısı bizim üçün tanış idmançılardır. Fərid Ağamoğlanovun əsas rəqibi italiyalı dünya və Avropa çempionudur. İnanıram ki, bu dəfə Fərid ondan məğlubiyyətin əvəzini çıxa biləcək. Əməkdar məşqçi Çingiz Eyvazovla birgə Fəridin hazırlığı üçün xeyli çalışmışıq. Hazırlıq səviyyəsi çox yaxşıdır və əksər döyüşlərində vaxtından əvvəl qalib gəlir.
Oyunlarda təmsil olunacaq digər idmançımız Elşad Şahbazov isə Əməkdar məşqçi Fuad Zeynalovun tələbəsidir. Onun da yarışda medal qazanmaq üçün böyük şansı var. Elşadın çox gözəl təcrübəsi, döyüş üslubu və Fuad Zeynalov kimi daim qələbəyə səsləyən güclü müəllimi var.
Eduard Məmmədov kikboksçularımızın Oyunlara tam fərqli hazırlaşdığını qeyd edib:
“Federasiya rəhbərliyi də həmin idmançıların yarışa hazırlıq səviyyəsini daim diqqət mərkəzində saxlayıb. Belə ki, Milli Məclisin vitse-spikeri, Azərbaycan Kikboksinq Federasiyasının (AKF) fəxri prezidenti Adil Əliyev və AKF-in prezidenti Orxan Əliyevin dəstəyi ilə idmançılarımız yarışa yüksək səviyyədə hazırlaşıb və müxtəlif təlim-məşq toplanışlarında iştirak ediblər.
Polşada əsas məqsədimiz yalnız qızıl medal qazanmaqdır. İnanıram ki, həm Fərid, həm də Elşad bu Oyunlardan Vətənə qızıl medalla qayıdacaq”.