Polşada III Avropa Oyunları çərçivəsində keçirilən karate yarışları davam edir. Karate yarışlarının ilk günündə mübarizə aparan Azərbaycan idmançısı Tural Ağalarzadə (67 kq)ardıcıl üç görüşdə qələbə qazanaraq qrup qalibi kimi yarımfinal mərhələsinə yüksəlib. Bu qələbə ilə özü üçün ən azı bürünc medalı təmin edən karateçimiz “Olimpnews.az saytına müsahibəsində keçirdiyi görüşlər barədə danışıb.
“Karyeramın dönüş nöqtələrindən biri hesab etdiyim üçüncü Avropa Oyunlarında ilk dəfədir ki, mübarizə aparıram. Əvvəlki yarışlarda zədə səbəbindən iştirak edə bilməmişdim. Polşadakı yarışda qrup mərhələsini qalib kimi başa vurdum. Keçirdiyim hər üç görüşdə qələbə qazandım. Onu da qeyd edim ki, bu rəqiblərin hər biri kifayət qədər ciddi rəqiblər idilər. Sevindirici haldır ki, döyüşlərim rahat keçdi. Yarımfinal və final barədə fikirlərim nikbindir. Həmin görüşləri də qələbə ilə başa vurmaq istəyirəm. Bu, hələ son deyil, finalda görüşərik”, - deyə Tural Ağalarzadə bildirib.