Polşada üçüncü Avropa Oyunları çərçivəsində keçirilən taekvondo yarışları davam edir. Ötən gün taekvondoçularımız yarışı bir gümüş və bir bürünc medalla başa vurdular. Təmsilçilərimiz arasında mükafatçılar sırasında yer alan idmançılardan biri də 54 kq çəki dərəcəsində çıxış edən taekvondoçu Səyyad Dadaşovdur. Oyunların gümüş medalına sahib çıxan idmançı sevinc təəssüratlarını bölüşüb.
“Avropa Oyunları kimi yarışda finaladək irəliləmək böyük uğurdur. Qalib gəlməyi çox istəyirdim. Buna yaxın idim. Amma son 8 saniyədə hakim səhvinə görə qızıl medalsız qaldım. Bəzən haqsızlıqlar olur. Döyüşdüyüm idmançı son dünya çempionatının gümüş mükafatçısı idi. Artıq gələcəyə baxmaq lazımdır. Yaxşı hazırlaşıb növbəti yarışlarda qızıl medal qazanmalıyam”, - deyə S.Dadaşov bildirib.