Polşada III Avropa Oyunları çərçivəsində keçirilən karate yarışlarının qalibi olan İrina Zaretka qələbə təssüratlarını böıüşüb. Final görüşünün çətin keçdiyini bildirən Avropa Oyunlarının ikiqat qalibi qeyd edib ki, həlledici qarşılaşma onun üçün çox prinsipial olub:
“Karateçilərimiz III Avropa Oyunlarında iki qızıl və bir bürünc medal qazandılar. Buna görə çox xoşbəxtəm. Finalda rəqibim üçün öyrəşmədiyim taktika hazırlamışdım. Amma düşündüklərimi həyata keçirmək üçün heç də istədiyim hər şey alınmadı. Hesab uzun müddət 1:1 olaraq qaldı. Son saniyələrdə dönərək ayaqla vurduğum zərbə mənə qələbə qazandırdı. Bakıdakı Avropa Oyunlarında da belə olmuşdu. Bu, mənim ən sevimli fəndimdir. Yelena Kuiriç mənim üçün prinsipial rəqibdir. Çünki mən dünya reytinqinin 1, o isə 2 nömrəsidir. Premyer Liqa turnirlərində tez-tez qarşılaşırıq. Hərdən mən, hərdən də o qələbə qazanır. Mənə çatmağa çalışır. Mövqeyimi əldən vermək istəmirəm. Çünki bu, mənə əlavə motivasiya verir".
İ.Zaretska 2015-ci ildə Bakıdakı Avropa Oyunlarında qazandığı qızıl medalla hazırkı uğurunu da müqayisə edib: "Həmin vaxt əldə etdiyim medal məni daha yuxarılara qalxmağa motivasiya edirdi. İndi isə zirvədəyəm. Tokio Olimpiadasında əldə etdiyim medal geridə qalan 8 ilin hədər getmədiyini, doğru yolda olduğumu göstərdi".