“Nəzərə alsaq ki, üç bürünc medalı qazanan idmançılarımız cəmi 17 yaşındadırlar, bu uğuru yüksək dəyərləndirmək olar. Düşünürəm ki, onlar yaşları və təcrübələri artdıqca ən yüksək nəticələri göstərəcəklər”.
Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Azər Həsənsoy muay-tay döyüşçülərimizin III Avropa Oyunlarındakı iştirakından danışarkən deyib.
Bildirib ki, idmançılarımızı qarşıda Belarusda keçiriləcək MDB Oyunları və Türkiyədə gənclər arasında dünya çempionatı gözləyir: “İdmançılarımız hər iki yarışa ciddi hazırlaşacaqlar. İdmançının qələbə qazanmasında əsas amil taktikanın düzgün qurulmasıdır. Taktikanı da məşqçi qurur, kənardan deyir, əgər idmançı onu eşidirsə, onda qələbə də gəlir. Əsas məsələ idmançıların məşqçinin sözünü nə dərəcədə yerinə yetirməsidir”.
Qeyd edək ki, muay-tay millimiz III Avropa Oyunlarında dörd idmançı ilə təmsil olunub. Onlardan üçü mükafatçılar sırasında yer alıb. Xəyal Əliyev (67 kq), Aysu Devrişova (57 kq) və Emili Rzayeva (63,5 kq) yarışı üçüncü pillədə başa vurublar.