Serbiyanın paytaxtı Belqrada keçirilən güləş üzrə dünya çempionatı yunan-Roma güləşi üzrə komandamız üçün tarixi nəticə ilə yadda qaldı. 120 xalla dünya çempionu olan yığmamız 2 qızıl, 3 gümüş medal və 2 Olimpiya lisenziyası qazanaraq, vətənə qələbə ilə döndü. Belqradda qələbə qazanan klassiklərimizdən biri də 55 kq çəki dərəcəsində Eldəniz Əzizlidir. O, üçüncü dəfə dünya çempionatının qalibi olmaqla adını idman tariximizə şanlı hərflərlə yazdı. Belqraddan qayıtdıqdan sonra titullu idmançımızla əlaqə saxlayıb, qələbə təəssüratlarını öyrəndik. Pəhləvanımız söhbət zamanı karyerası və gələcək planları barədə də danışdı.
- Eldəniz, Belqradda üçqat dünya çempionu tituluna sahib çıxdın. Həmçinin komandamız dünya çempionu adını qazandı. İstərdik əvvəlcə qələbə təəssüratlarını bizimlə bölüşəsən.
- Üçüncü dəfə dünya çempionu olmaq həqiqətən də qürurverici bir hissdir. Yunan-Roma güləşi tşarixində müstəqilliyimizdən bu günə qədər üçqat dünya çempionu yoxdur. Bu, yeni bir rekorddur. Bu qələbəyə görə Allahıma şükür edirəm. Sonuncu dəfə Məhəddin Allahverdiyev sovetlər dövründə SSRİ adından üç dəfə dünya çempionu olub. Əldə etdiyim rekorda görə çox sevinirəm. Qələbəmi hərbçilərimizə həsr edirəm. Komandamıza gəldikdə isə klassiklərimiz həqiqətən tarixi rekorda imza atdlılar.
- Çempionluq yolunda daha çox çətinlik çəkdiyin rəqib hansı oldu?
- Təbii ki, hər bir rəqibə ciddi yanaşırdım. Dünya çempionatında sıradan bir idmançı olmur. Yer aldığım qrup da digərlərinə nisbətən daha güclü idi. Ən çox çətinlik çəkdiyim görüş isə ilk mərhələdə qarşılaşdığım yaponiyalı idmançıya qarşı oldu. Həm ilk görüş olduğuna görə, həm də yaponiyalı idmançı ilə taktikam alınmadığı üçün bu görüşdə daha çox çətinliklə üzləşdim.
- Üçqat dünya və ikiqat Avropa çempionusan. Amma 55 kq olimpiada çəkisi deyil. Paris-2024 Yay Olimpiya Oyunlarınadək çəkini dəyişmək ehtimalı var?
- Hazırda istirahətdə olduğumuz üçün təlim-məşq toplanışlarında iştirak etmirəm. Məşqlərə qayıtdıqdan sonra məşqçilər korpusu ilə bu barədə məsləhətləşəcəyik. Bundan sonra isə yeni qərar qəbul edəcəyik.
- 31 yaşında üçüncü dəfə dünyanın ən güclüsü oldun. Daha neçə il də güləşdə qalmağı düşünürsən?
- 31 yaşda aşağı çəkidə dünya çempionu olmaq elə də asan deyil. Amma şükürlər olsun ki, bunu bacardım. Fikrimcə, güləşdə qalmaq barədə danışmaq hələ tezdir. Ən yaxşı halda hələ bir il daha güləşmək istəyirəm.
- Eldəniz Əzizli hazırda pik formadadır, yoxsa bundan artığına da nail ola bilər?
- Dünya çempionatına çox yaxşı hazırlaşmışdım. Deyərdim ki, indiki formam güləş karyeramın ən pik formasıdır.
- Qazandığın titulları bir Olimpiya çempionluğuna dəyişərdinmi?
- Xeyr. Qazandığım titulları Olimpiya qızılına dəyişmərəm. Üç dəfə dünya, iki dəfə Avropa çempionu olmuşam. Bu medalların hər birini böyük zəhmət hesabına qazanmışam. Olimpiya Oyunlarının çempionu olmaq həmin ilin uğuru sayılır. Amma mən artıq 10 ildir ki, stabil şəkildə formamı qoruyaraq yüksək nəticələr əldə edirəm. Fikrimcə, stabil olaraq medal qazanmaq daha böyük uğurdur.
- Qarşıdakı hədəflərin nədən ibarətdir?
- Təbii ki, əsas hədəfim hazırda hər bir idmançı kimi Paris Olimpiadasına lisenziya qazanmaqdır. Bunun üçün də bütün gücümlə mübarizə aparmağa çalışacağam.
Azər Əlizadə