Milli Olimpiya Komitəsinin döyüşçü əməkdaşlarının müharibə xatirələri - FOTO

Milli Olimpiya Komitəsinin döyüşçü əməkdaşlarının müharibə xatirələri - FOTO

Bu gün Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı böyük qələbənin üçüncü ildönümü - Zəfər Günü qeyd olunur.Qələbəmizin rəmzinə çevrilən Zəfər Günü Azərbaycan Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla təsis edilib. Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən Müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. 44 günlük Vətən Müharibəsində iştirak edənlər arasında Milli Olimpiya Komitəsinin əməkdaşları İntiqam Səfərov və Tofiq İmanlı da var idi. Onlar bu tarixi qələbənin qazanılmasında pay sahibi oldular. 

“Olimpiya dünyası” qəzetin qonağı olan İntiqam Səfərov və Tofiq İmanlı müharibə xatirələrini, keçdikləri döyüş yolunu bizimlə bölüşdülər.

44 günlük Vətən müharibəsində sona qədər iştirak edən İntiqam Səfərovun keçdiyi döyüş yolu həqiqi hərbi xidmət dövrünə təsadüf edib. “Tale elə gətirdi ki, həqiqi hərbi xidmət dövrüm müharibə dövrünə təsadüf etdi. Belə ki, 2020-ci ildə N saylı hərbi hissədə artilleriya tağımında həqiqi hərbi xidmət keçmişəm. Müharibəyə gedəndə təxminən 2 ayın əsgəri idim. Bu məqamda artilleriya komandirimizi, polkovnik-leytenant Nəsimi Mədətovu xüsusi qeyd etmək istəyirəm. O, peşəkar və hərb sənətini mükəmməl bilən bir zabit idi. Etiraf edim ki, onun bacarığı sayəsində neçə-neçə əsgər, elə mənim özüm də bu müharibədən sağ-salamat qayıda bildik. Füzuli, Xocavənd, Cəbrayıl və Qırmızı bazar istiqamətlərində döyüşlərdə olduq. Müharibənin birinci günündən sonuna qədər cəbhədə döyüşmüşəm”, - deyə o bildirdi.

Müsahibimiz gənc yaşında döyüşlərdə iştirak etdiyi üçün müharibənin necə amansız olduğunu öz gözləri ilə gördüyünü dilə gətirdi. “Müharibə mövzusunda çəkilmiş filmlərə çox baxmışam. Əslində, müharibə filmlərdə göründüyü kimi asan bir iş deyil. İstədiyin vaxt hər şeydən qaça bilməzsən. Hərbi xidmətə yollananda çəkim 106 kq idi. Vətən müharibəsindən sonra çəkim 87 kq olmuşdu. Müharibə bizə hər şey öyrətdi. Döyüş vaxtı bacardığımız qədər bütün qidalarımıza, sudan tutmuş yeməyə qədər hər şeyə qənaət edirdik. Həddindən artıq stress, həyəcan keçirirdik. Bu hissləri heç bir sözlə ifadə etmək olmur. Şəhidlər, mərmi partlayışı səsləri və s. Düzdür, bir müddətdən sonra bütün bunlara alışmaq məcburiyyətində qaldıq. Başa düşdük ki, başqa çıxış yolu yoxdur. Bura film poliqonu deyil, həqiqi döyüş meydanıdır. İçində düşmənə qarşı qisas almaq hissi oyanır, sənə nə olursa-olsun mütləq qisasını almalısan. Ali Baş Komandanın çıxışları, cəbhəyə göndərilən yardımlar xalqın inamı və dəstəyi bizi qələbəyə ruhlandırırdı”, - deyə İntiqam Səfərov həmin anları belə xatırladı.

Qələbə müjdəsi hər bir əsgəri, qanından azərbaycanlı qanı axan vətəndaşımızı sevindirdi. Döyüş meydanında qələbəni gözləyən ordumuzun əsgəri fikirlərini bu cür ifadə etdi. “44 günlük müharibənin təxminən 40 gününü gecə növbəsinə olmuşdum. Hamı müharibənin nə qədər sürəcəyi barədə danışırdı. Təbii ki, qələbə qazanacağımıza əminik idik. Lakin çox şəhid vermək istəmirdik. Təsəvvür edin ki, kiçik bir yerdə 5 nəfər adam yan-yana yatırdıq. Çevrilmək imkanımız belə yox idi. Gecə bir də gördük ki, güllə səsləri eşidildi. Sən demə müharibədə qələbəmiz elan olunub. Bizim isə bundan xəbərimiz yoxdur. Biz aşağıda özümüzə səngər qazıb oturmuşduq. Həmin vaxt Xocavəndin Traktik kəndinin Qırmızı bazarın Zorbulaq hissəsində idik. Bir anlıq düşündük ki, birdən basqın olar. Çünki Fizuli rayonunda bizə bir dəfə bu cür basqın olmuşdu. Erməni kəşfiyyatı yanımıza qədər gəlib çıxmışdı. Gecə dəhşətli dərəcədə atışma olmuşdu. Ona görə də ehtiyatlı hərəkət edirdik. Hamımız silahlandıq. Elə bu vaxt tağım komandiri gəldi ki, Cənab Prezident qələbəni elan edib. Artıq erməni tərəfi təslim olub. Onların başqa çarəsi qalmamışdı. Bizim ordunun əsgərlərinin etdiklərini onlar edə bilməzdilər. Çünki bu, bizim torpaqlardır, onların deyil. Bu bizim babalarımızın torpağıdır. Bunu yalnız biz rahat şəkildə deyə bilərik, erməni bunu deyə bilməz. Onların heç vaxt torpağı olmayıb. Hətta tarix də bunu göstərir. Həmin gün biz səhərə qədər yata bilmədik, çox sevinmişdik. Bizim bir əsgər yoldaşımız var idi, səfərbərlikdən gəlmişdi, O, qələbədən iki saat qabaq şəhid olmuşdu. Çox təəssüf. Onun və bu qələbənin sevincini yaşamayan şəhidlərimizin ruhu şad olsun”.

Vətən müharibəsində iştirak edən Tofiq İmanlı da həmin günlərin sevincini bizimlə bölüşüb.
“Hələ müharibədən əvvəl ermənilər Tovuzda təxribat törətmək istəyirdilər. Həmin ərəfələrdə hərbi komissarlıqdan mənə zəng gəldi. Harada olduğumu və hansı işlə məşğul olduğumu qeydə aldılar. Onu da deyim ki, mən hərbçi ailəsində anadan olmuşam. Atam birinci Qarabağ döyüşlərinin iştirakçısı olub. Ola bilməzdi ki, belə bir məqamda müharibəyə yollanmayım. Bildirim ki, 2015-ci ildə Qazaxda yerləşən “N” saylı hərbi hissədə artilleriya bölüyündə hərbi xidmət keçmişəm. Hətta 2016-cı ildə aprel döyüşlərinin də iştirak etmişəm. 2017-ci ildən ordu sıralarından tərxis olunmuşam. Hərbi komissarlıqdan gələcək zəngi səbrsizliklə gözləyirdim və zəngdən sonra birbaşa cəbhə xəttinə yollandım. Məni tamamlama tağımında yerləşdirdilər. Yəni döyüş vaxtı hər hansı bir mövqedə canlı qüvvə çatışmazlığı yaranarsa, həmin tağımın əsgərləri o boşluğu doldurmalı olur. Bu müddət ərzində piyada təlimlərində iştirak etdim. Ordumuz elə irəliləyirdi ki, əlavə canlı qüvvəyə ehtiyac qalmırdı. Kəlbəcər istiqamətində döyüşlərə hazırlaşırdıq. Şuşanın alınmasından sonra Kəlbəcərə getməli idik. Noyabrın 10-da müharibə dayandı. Cəsur Azərbaycan əsgərinin qəhrəmanlığı qarşısında onlar qorxaraq təslim oldular. İllərdən sonra orada olmaq, ayağını həmin torpaqlara basmaq hamı kimi mənim də ən böyük arzum idi. Bu hissləri sözlə ifadə etmək mümkün deyil”, - deyə Tofiq İmanlı bildirdi.

O, söhbət zamanı həmçinin Şuşada evlərdən birinin divarına yazılmış “MOK Şuşada” sözünün tarixindən də danışdı. “Şuşada döyüşən bir dostum var. O, bu gözəl şəhərin ermənilərdən azad olunmasında yaxın iştirak edərək, həmin anların sevincini yaşayıb. Bilirsiniz ki, Şuşada evlərin, binaların üzərində hər bir əsgər öz yaşadığı və işlədiyi yerin adını yazmışdı. Mən ondan xahiş etdim ki, işlədiyim Milli Olimpiya Komitəsinin adını orada yazsın. O da sağ olsun, xahişimi yerinə yetirərək, evlərdən birinin divarına “MOK Şuşada”-sözünü yazmışdı. Düzünü desəm, orada döyüşmüş əsgərlərimizə qibtə edirəm. Çox istəyirdim ki, həmin o sözü mən orada özüm yazım. Əsas odur ki, qədim Şuşa bizimdir. Bu, bizim qələbəmizdir. Müzəffər Ordumuz düşmənə elə dərs verdi ki, onlar çətin ki, özlərinə gəlsinlər. Qarabağ torpağı illərdən sonra yenidən öz sahiblərinə qayıtdı. Fürsətdən istifadə edib, bu müharibədə canını qurban vermiş şəhidlərimizə uca Tanrıdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm. Belə mərd oğullar yetişdirən millət həqiqətən də hər cür ehtirama və hörmətə layiqdir”, - deyə Tofiq İmanlı qeyd edib.

Qeyd edək ki, İntiqam Səfərov "Füzulinin azad olunmasına görə, "Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və "Vətən müharibəsinin iştirakçısı” medalları ilə təltif olunub.
Tofiq İmanlı isə 2016-cı il aprel döyüşlərinin iştirakçısı və Vətən müharibəsində iştirak edib.

 

Milli Olimpiya Komitəsinin döyüşçü əməkdaşlarının müharibə xatirələri - FOTO Milli Olimpiya Komitəsinin döyüşçü əməkdaşlarının müharibə xatirələri - FOTO Milli Olimpiya Komitəsinin döyüşçü əməkdaşlarının müharibə xatirələri - FOTO Milli Olimpiya Komitəsinin döyüşçü əməkdaşlarının müharibə xatirələri - FOTO Milli Olimpiya Komitəsinin döyüşçü əməkdaşlarının müharibə xatirələri - FOTO Milli Olimpiya Komitəsinin döyüşçü əməkdaşlarının müharibə xatirələri - FOTO Milli Olimpiya Komitəsinin döyüşçü əməkdaşlarının müharibə xatirələri - FOTO Milli Olimpiya Komitəsinin döyüşçü əməkdaşlarının müharibə xatirələri - FOTO