Xəzər rayonu kütləvi idman tədbirlərinin təşkili ilə seçilir

Xəzər rayonu kütləvi idman tədbirlərinin təşkili ilə seçilir


İdmanımızın inkişafında, gənclərin bu sahəyə yönəldilməsində müxtəlif idman ocaqlarının çox böyük rolu var. Hazırda ölkəmizdə fəaliyyət göstərən idman məktəbləri, cəmiyyətlər, idman klubları, sağlamlıq mərkəzləri və digər idman ocaqları gənc nəslin fiziki sağlamlığında müstəsna rol oynayır. Paytaxtda və bölgələrdə özünəməxsus fəaliyyəti ilə seçilən idman təşkilatları arasında gənclər və idman idaraləri də bu sahənin inkişafına öz töhfələrini verirlər. Xəzər Rayon Gənclər və İdman İdarəsi də gənclərin kütləvi şəkildə idmanla məşğul olmasında əhəmiyyətli işlər görür, bir sıra yarışların təşkilaçısı kimi çıxış edir. 

İnsanların mənəvi və fiziki tərbiyəsində mühüm rol oynayan bədən tərbiyəsi və idmana Xəzər rayonunda xüsusi diqqət yetirilir. Ötən illər ərzində bu rayonda çoxlu idman qurğuları inşa edilib. Bütün bunlar rayonda idmanın inkişafına kömək edən vasitələrdir. Raoynda onlarla futbol meydançası tikilib və yaxud təmir edilib. Xəzər rayonunda ötən illər ərzində müxtəlif idman növləri üzrə çoxlu tanınmış idmançılar yetişib. Afina-2004 Olimpiya Oyunlarının qalibi Fərid Mansurov məhz bu rayonun yetirməsidir. Rayonun təmsilçiləri beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edirək uğurlu nəticələr qazanıblar.
Xəzər rayon Gənclər və İdman İdarəsi ötən illərdə olduğu kimi, 2012-ci il ərzində də bədən tərbiyəsi və idmanı daha da geniş təbliğ etmək, uşaq, yeniyetmə və gənclərin sağlamlıqlarının möhkəmləndirlməsi, sağlam həyat tərzinin təbliğ olunması, rayonda ayrı-ayrı idman növlərinin inkişaf etdirilməsi məqsədilə müxtəlif idman tədbirləri həyata keçirib. Ötən il burada bədən tərbiyəsi və idman sahəsi üzrə 71 tədbir keçirilib ki, bu tədbirlərdə 6260 nəfər iştirak edib. Rayonun 37 idmançısı beynəlxalq yarışlarda mükafat qazanıb.
Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev rayonda çoxlu kütləvi idman tədbirlərinin, ayrı-ayrı növlər üzrə birinciliklərdə yeniyetmə və gənclərin küdləvi şəkildə iştirakının təmin olunduğunu bildirdi. " Danılmaz faktdır ki, bu gün Azərbaycan dünyanın idman mərkəzlərindən biridir. Bakıda və bölgələrdə inşa olunan idman qurğuları müxtəlif növlər üzrə beynəlxalq yarışların keçirilməsinə imkan verir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2012-ci ilin ölkəmizdə "İdman ili" elan olunması heç də təsadüf olmayıb. Sevinirik ki, "İdman ili"ndə idmançılarımız yüksək nəticələr əldə etdilər. Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında əldə olunan 10 medal "İdman ili"nə ən böyük töhfə idi. Rayonumuzda kütləvi idman tədbirləri, birinciliklər və digər turnirlər keçirilir. Yarışlarda yeniyetmə və gənclərin kütləvi şəkildə iştirakı təmin edilir, iştirakçıların sayı ildən-ilə artır. Bu tədbirləri keçirməkdə məqsəd yeniyetmə və gəncləri idmana cəlb etmək, onlarda bu sahəyə maraq oyatmaqdır. Bundan başqa, belə yarışlarda çoxlu perspektivli idmançılar üzə çıxır. Potensialı olan idmançılara idarə tərəfindən xüsusi diqqət yetirilir. Belə idmançıların gələcəkdə öz məşqlərini davam etdirməsi üçün şərait yaradılır",-deyə o əlavə etdi.
Vüqar müəllim idarə tərəfindən müntəzəm olaraq, həndbol, sambo güləşi, yunan-Roma güləşi, badminton, şahmat, dama, futbol və s. növlər üzrə rayon birinciliklərinin də təşkil olunduğunu vurğuladı. İdarə rəisi onu da bildirdi ki, bu yarışlarda Xəzər rayonunda yerləşən bütün təşkilat və müəssisələrdən, eləcə də orta məktəblərdən komandaların iştirakı təmin edilir. Məktəblilər arasında bədən tərbiyəsi və idmanı daha da geniş təbliğ etmək, istedadlı yeniyetmə və gəncləri üzə çıxarmaq məqsədilə 15 idman növünü özündə birləşdirən rayon məktəblilərinin XXIV spartakiada yarışları 2011-2012-ci tədris ili ərzində mütəmadi keçirilib. 2012-2013-cü tədris ilində isə XXV spartakiadanın 5 növü üzrə yarışlar təşkil olunub.
Xəzər rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonda əlamətdar günlər, tarixi hadisələrlə bağlı da bir sıra tədbirlər həyata keçirilir.
Xəzər rayonunda uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi, onların mənəvi inkişafı istiqamətində də çoxlu tədbirlər keçirilir. Yaz çağırışına həsr olunmuş "Vətənin müdafiəsinə hazıram" poliotlon çoxnövçülüyü üzrə rayon çempionatı bu yarışlar sırasındadır. Həmin yarışlarda iştirak etmək üçün rayon məktəblərinin yuxarı sinif şagirdləri tədris ili ərzində mütəmadi olaraq məşqlərdə iştirak edirlər ki, bu da onların hərbi hazırlığında əhəmiyyətli rol oynayır.
Xocalı soyqırımını beynəlxalq səviyyədə təbliğ etmək, idmançıları vətənpərvərlik ruhunda tərbiyələndirmək, cüdo idman növünü təbliğ və inkişaf etdirmək,idmançılar arasında əlaqələrini möhkəmləndirmək, yeniyetmələrin idman ustalığını yüksəltmək məqsədilə rayonda 26 Fevral - Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş beynəlxalq cüdo turniri təşkil olunub. Tədbirdə 310 idmançı qüvvəsini sınayıb. Qeyd edək ki, burada Rusiya Federasiyası, Qazaxıstan, Türkiyə və Gürcüstan komandaları da mübarizə aparıblar.
Pirallahı İdman Mərkəzində 5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş sambo güləşi üzrə açıq turnirdə isə 130 idmançı iştirak edib. Mart ayında 2 saylı Cəzaçəkmə Müəssisəsində Novruz bayramına həsr olunmuş dama, 17 saylı Cəzaçəkmə Müəssisəsində isə şahmat üzrə turnirlər təşkil olunub.
Aprelin 27-də Mərdəkan qəsəbəsində Xəzər rayon Gənclər və İdman İdarəsi, Rayon Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti ilə birgə Atıcılıq tirinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib və burada məktəblilərin XXIV Spartakiadasının güllə atıcılığı növü üzrə rayon birinciliyi təşkil olunub. Tədbir böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qaygını daha da artırmaq, məktəb şagirdlərini ordu sıralarında xidmətə hazırlanmasında kömək göstərilməsi, bədən tərbiyəsi və idmanı daha da geniş təbliğ etmək, istedadlı yeniyetmə və gəncləri aşkar etmək məqsədilə keçirilib. Yarışda 60 nəfər gənc qüvvəsini sınayıb.
"2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqrammı"nın 2.2.2 bəndinin icrasını təmin etmək məqsədilə rayonun Texniki Yaradıcılıq Mərkəzində 2 Fevral Gənclər Gününə həsr olunmuş şahmat üzrə seans keçirilib. Seansda 18 nəfər iştirak edib.
Mərkəzdə həmçinin şahmat üzrə yeniyetmələr arasında rayon birinciliyi təşkil olunub.Yarışda 16 nəfər qüvvəsini sınayıb Mayın 23-25-də 123 saylı orta məktəbin idman bazasında 28 May Respublika Gününə həsr olunmuş yeniyetmələr arasında şahmat üzrə rayon turniri keçirilib. Yarışda 16 sahmatçı mübarizə aparıb.
Aprel ayında Pirallahı İdman Mərkəzində 2012 - ci ilin "İdman ili" elan edilməsi münasibətilə yeniyetmələr arasında cüdo və yunan-Roma güləşi üzrə Xəzər rayon açıq turniri keçirilib. Yarışda paytaxt idmançıları ilə bərabər, Sumqayıt şəhər idmançıları da iştirak ediblər.
Xəzər rayonunda futbolun inkişafına da diqqət yetirilir. "2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədilə rayonda müntəzəm olaraq tədbirlər həyata keçirilir. Rayonda yaşayan yeniyetmələrin futbola cəlb olunması da ənənə şəklini alıb. Yeniyetmələr tez-tez öz qüvvələrini futbol yarışlarında sınayırlar. Burada 11-12, 13-14 yaşlı yeniyetmələr arasında "Sevinc" kuboku uğrunda rayon birinciliyi keçirilir. Qeyd edək ki, rayonun "Zirə" komandası futbol üzrə Bakı kubokunun qalibi olub. Çimərlik futbolu üzrə rayon komandası Bakı çempionatında ikinci, respublika çempionatında isə üçüncü yeri tutub. Xəzər rayonunun 13-14 yaşlı yeniyetmə futbolçuları Bakı birinciliyində qızıl, 11-12 yaşlı yeniyetmə futbolçuları isə gümüş medal qazanıblar.
May ayında 123 saylı məktəbin futbol meydançasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş mini-futbol üzrə turnir keçirilib. Turnirdə rayonun qəsəbələrini təmsil edən həvəskarlardan ibarət 8 komanda iştirak edib. İyun ayında "Dalğa Arena", Şağan OİK, Zirə İdman Kompleksində 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş futbol üzrə Xəzər rayon kuboku təşkil olunub. Bu yarışda kütləvilik təmin edilib. Belə ki, rayonun 12 komandasının tərkibində 216 nəfər futbolçu turnirdə çıxış edib. Bütün bu tədbirlər, şübhəsiz ki, Xəzər rayonunda idmanın kütləviliyinə yönəldilib.
Bakıda keçiriləcən 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatına dəstək və rayonda qızlar arasında futbolun təbliğ olunması məqsədilə "Xəzər” qadın futbol klubunun komandası ilə Xəzər rayon məktəblilərinin qızlardan ibarət komandası arasında yolaşlıq görüşü təşkil olunub. Tədbirdə iştirak edən idmançılara AFFA tərəfindən xatirə hədiyyələri verilib. Xəzər rayon idmançıları 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş kikboksinq üzrə rayon birinciliyinə həvəslə qoşulublar.