“Mexico Guerreros” - “Baku Fires”: heyətlər məlumdur

“Mexico Guerreros” - “Baku Fires”: heyətlər məlumdur

Bu gün Meksikanın paytaxtı Mexiko şəhərində Ümumdünya Boks Seriyasının (WSB) 9-cı turun matçında "Mexico Guerreros” və Azərbaycanın "Baku Fires” komandaları qarşılaşacaq.  "Baku Fires” 8 görüşdən 24 xal toplayaraq, A qrupunun vahid lideridir. Meksikalılar isə 16 xalla qrupda 2-ci yeri tuturlar. Bakıda Meksika komandasını 4:1 hesabı ilə məğlub etmiş "Baku Fires” cavab qarşılaşmasına bir çox aparıcı boksçularını aparmayıb. Komandamızın baş məşqçisi Nuripaşa Talibov liderləri 1/4 final mərhələsinin döyüşlərinədək qorumaq niyyətindədir. Rəqib komandanın heyətində ən təcrübəli boksçu Elias Emigidodur. O, ötən mövsüm WSB liqasının fərdi yarışlarının finalında məhz Azərbaycan boksçusu Qairbek Qermaxanova məğlub olmuşdu. Emigido cari çempionatda keçirdiyi 4 döyüşün hamısında qalib gəlib. Onun rəqibi "Baku Fires”in özbəkistanlı boksçusu Orzubek Şaimov olacaq. "Mexico Guerreros”un heyətində Marvin Kabrera da bütün döyüşlərini qələbə ilə başa vurub. Beşinci qarşılaşmada təcrübəli boksçumuz Nuruddinov məhz onu büdrətməyə çalışacaq.Komandaların heyətləri artıq məlumdur.

"Mexico Guerreros” - "Baku Fires”
54 kq. Elias Emigido (Meksika) - Orzubek Şaimov (Özbəkistan)
61 kq. Fernando Alvarez Dias (Meksika) - İsa İsayev (Azərbaycan)
73 kq. Marvin Kabrera (Meksika) - Məhəmməd Nuruddinov (Belarus)
85 kq. İsaak Qutierrez (Meksika) - İaqo Kiziria (Gürcüstan)
+91 kq. Gerardo Bisbal Melero (Puerto Riko) - Üzeypat İsmayılov (Azərbaycan)
"Baku Fires” meksikalılarla döyüş ərəfəsində Polşanın Zakopane şəhərində təlim-məşq toplanışı keçib. Komandamızın növbəti qarşılaşması səfərdə, "Poland Hussars”la olduğundan, digər 15 boksçu məhz hazırda Polşada toplanışdadır.

Turnir cədvəli:
1. Baku Fires -            24 (8 görüş)
2. Mexico Guerreros -  16 (8)
3. Poland Hussars -     12 (7)
4. Argentina Condors - 6 (7)
5. Desert Hawks -         6 (8)
6. Rusiya -                   6 (6)

Bu həftə A qrupunda bir görüş keçiriləcək. Fevralın 23-dən "Argentina Condors” doğma divarlar arasında Rusiya komandasını qəbul edəcək.