2024-cü ildə şahmat üzrə dünya çempionu adı uğrunda görüş üçün minimum mükafat fondu artırılacaq. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytındakı press-relizdə qeyd edilir ki, yarışın minimum büdcəsi 8,5 milyon dollar, minimum mükafat fondu isə 2,5 milyon ABŞ dolları təşkil etməlidir.
Qeyd edək ki, 2023-cü illə müqayisədə mükafat fondu 500 min dollar artıb. Qarşılaşma 25 günə qədər davam etməli, matçın reqlamenti iyulun 1-dək təsdiqlənməlidir.
Xatırladaq ki, dünya çempionu titulu uğrunda görüş 2024-cü il noyabrın 20-dən dekabrın 15-dək keçiriləcək. Çinli Dinq Liren titulunu keçən həftə Torontoda (Kanada) keçirilən 2024 Namizədlər Turnirinin qalibi olmuş hindistanlıi Qukeş Dommarajuya qarşı qoruyacaq.