Belçikanın Gent şəhərində qılıncoynatmanın sablya növü üzrə qadınlar arasında kecirilən dünya kuboku yarışında Azərbaycanı "Neftçi” İSM-in üzvləri Səbinə Mikina, Aidə Ələsgərova, Sevil və Sevinc Bunyadova bacıları təmsil ediblər. Şəxsi yarışlarda idmançılarımızdan ən yaxşı nəticəni Sevil Bunyadova göstərib. O, 160 idmançı arasında 20-ci olub. Komanda yarışında isə qızlarımızın çıxışını uğurlu saymaq olar. Belə ki, dünya reytinqində 8-ci olduğumuz üçün komandamız yarışlara 1/16 finaldan yox, 1/8-dən başlayıb və ilk rəqibi dünya reytinqində 9-cu olan Almaniya yığması olub. Azərbaycan yığması Almaniya komandasına 45:28 hesabı ilə qalib gəlib. ¼ finalda isə qılıncoynadanlarımız dünya çempionu Rusiya yığmasını, çoxlarının gözləmədiyi halda, məğlub edib: 45:41. Yarımfinalda İtaliya yığmasına 43:45 hesabı ilə uduzan idmancılarımız3-cü yer uğrunda ABŞ idmançıları ilə qarşılaşıblar. Heyətində olimpiya çempionu və mükafatçılarının yer aldığı ABŞ komandasına 35:45 hesabı ilə məğlub olan qılıncoynadanlarımız Dünya kubokunu 4-cü yerdə başa vurmaqla, ümumi reytinqdə 7-ci yerə yüksəliblər.