Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubu yerli marşalların təliminə başlayıb.
Qurumdan verilən məlumata görə, Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində keçirilən təlim nəzəri və praktiki hissələrdən ibarətdir. Nəzəri hissədə Formula 1 üzrə Azərbaycan Qran-Prisinin idarəetmə texnikaları və cari mövsümün yenilikləri marşallara öyrədilir. Praktiki hissədə isə marşallar, xüsusi olaraq hazırlanmış simulyasiya trekində öyrəndikləri bacarıqları tətbiq edirlər.
Təlim sentyabrın 13-15-də təşkil olunacaq növbəti Azərbaycan Qran-Prisinə hazırlıq mərhələsidir. Yarışda 170 marşalın iştirakı nəzərdə tutulur.
Təlimlərin keçirilməsində məqsəd yarış zamanı mümkün fövqəladə halların idarə edilməsi, əməliyyat və qarşılıqlı fəaliyyət planları reallığının yoxlanılmasıdır. Eyni zamanda, bu təlimlər təhlükəli halların qarşısının alınması və yaranmış problemlərin çevik şəkildə həll edilməsi bacarıqlarının artırılmasına yönəlib.