Bu gün Bakıda atıcılıq üzrə Dünya Kubokuna yekun vurulacaq.
Azərbaycan Atıcılıq Federasiyasından verilən məlumata görə, turnirin son günündə kişilər arasında 25 metr məsafəyə sürətli atəş açma növündə final mərhələsinin görüşləri keçirilib.
Koreyalı Yonq Ho Sonq bürünc medalla kifayətlənib.
Qızıl medal uğrunda mübarizədə Çin atleti Yuehonq Li ilə Fransanı təmsil edən Klemen Besua münasibətlərinə aydınlıq gətirib. Həlledici mərhələdə 5 atışın hamısını dəqiq yerinə yetirən çinli idmançı qalib adını qazanıb. Ötən il Bakıda keçirilən dünya çempionatında “gümüş” alan Besua yenə eyni uğuru təkrarlayıb.
Mükafatlandırma mərasimindən sonra Klemen Besua təəssüratlarını bölüşüb: “Sona qədər diqqətli olmağa çalışdım. Həlledici mərhələdə büdrəməyimin səbəbi rəqibimin 5 atışın hamısını dəqiq yerinə yetirməsinə görə oldu. O, bacardı, mən isə yox. Bu cür anlarda daha diqqətli olmaq lazımdır. Qızıl medal almaq üçün həvəsli idim. Çünki buna qədər Bakıda bürünc və gümüş medallara sahib olmuşdum. Çox istəyirdim ki, “qızıl” da alım. Bu dəfə də istəyimə çatmadım. Eybi yox, növbəti səfərimdə bacararam. Bakı sevdiyim şəhərlərdəndir. Atıcılıq mərkəzindəki final zalı da möhtəşəmliyi ilə diqqət çəkir. Bəlkə də buna görədir ki, hər dəfə buradan medalla qayıdıram. Bir gün Bakıda qızıl medal da alacağam”.