Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Xorvatiyanın Osijek şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, o, medalı 25 metr məsafədən standart tapançadan atəş üzrə yarışda əldə edib.
İdmançı, ümumilikdə, 570 xal toplayaraq üçüncü yerdə qərarlaşıb.
Avropa çempionatına iyunun 8-də yekun vurulacaq.
Xatırladaq ki, Ruslan Lunyov ötən il Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında gümüş medal qazanaraq Paris Olimpiadasına lisenziya qazanıb.