Qaxda və Qəbələdə “Cəsurlar” hərbi-idman və turizm oyunu üzrə rayon birinciliyi keçirilib

Qaxda və Qəbələdə “Cəsurlar” hərbi-idman və turizm oyunu üzrə rayon birinciliyi keçirilib

Qax şəhər stadionunda "Cəsurlar” hərbi-idman və turizm oyunlarının rayon turunun yarışları keçirilib.
Rayon birinciliyində orta məktəblərin 7-8-ci sinif şagirdlərindən təşkil olunan 33 komanda mübarizə aparıb.
Komandalar sıra hazırlığı, maneələri dəf etmə, hədəfə qumbara atma və digər yarışlarda öz qüvvələrini sınayıblar.
Qəbələ rayonunda da Gənclər və İdman İdarəsinin təşkilatçılığı, təhsil şöbəsinin dəstəyi ilə "Cəsurlar” hərbi-idman və turizm oyunu üzrə rayon birinciliyi keçirilib.
Qəbələ şəhər 2 saylı tam orta məktəbində keçirilən rayon birinciliyi gərgin idman mübarizəsi şəraitində keçib.
Yarışda Qəbələ şəhər 2 saylı tam orta məktəbin komandası I, şəhər 3 saylı tam orta məktəbin komandası II və Soltannuxa kənd tam orta məktəbinin komandası III yerləri tutublar.
Qalib komandalar rayon gənclər və idman idarəsinin diplomları ilə mükafatlandırılıblar. Rayon birinciliyinin qalibi olmuş komandalar martın 7-də Zaqatalada keçiriləcək zona turuna vəsiqə qazanıblar.
Qeyd edək ki, Gənclər və İdman, Təhsil, Müdafiə nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və digər qurumların birgə təşkilatçılığı ilə keçirilən bu yarışlar yeniyetmə və gənclərin hərbi vətənpərvərlik işini daha da gücləndirmək, orta məktəb şagirdlərini ordu sıralarına hərbi xidmətə hazırlamaq məqsədi daşıyır.