Avarçəkənlər Azərbaycan çempionatında bir araya gələcəklər 

Avarçəkənlər Azərbaycan çempionatında bir araya gələcəklər 

Sentyabrın 3-4-də Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq yarışda Bakı və Mingəçevirdən olan 100-dən artıq idmançı mübarizə aparacaq.

Ölkə çempionatında avarçəkənlər kayak və kanoe növlərində 1 və 2 nəfərlik qayıqlarda 200, 500 və 1000 metr məsafədə çıxış edəcəklər. Akademik avarçəkmədə isə iştirakçılar 1, 2 və 4 nəfərlik qayıqlarda 1000 və 1500 metr məsafədə güclərini sınayacaqlar.

Qeyd edək ki, Azərbaycan çempionatı oktyabr ayında təşkil olunacaq ənənəvi “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinə hazırlıq və seçim xarakteri daşıyır.