Stend atıcılığı üzrə Bakı çempionatına start verildi

Stend atıcılığı üzrə Bakı çempionatına start verildi

Azərbaycan Atıcılıq Federasiyasının, Bakı şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə stend atıcılığı üzrə Bakı çempionatına start verilib. Bakı Atıcılıq Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Bakı Atıcılıq Mərkəzində təşkil olunan və dörd gün davam edəcək turnirdə stend atıcılığının dairəvi və səngər növləri üzrə fərdi və qarışıq komanda yarışları keçiriləcək.

Yarışda müxtəlif idman klublarını təmsil edən 50-dən çox idmançı çempionluq uğrunda mübarizə aparırlar. Bütün növlərdə və kateqoriyalarda final mərhələsi Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) ən son qaydalarına əsasən keçirilir.

Yarışların təşkilində əsas məqsəd atıcılığın təbliği və bu idman növünə marağın artırılması, kütləviliyin təşkili, perspektivli idmançıların aşkar olunması və növbəti il üçün beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcək atıcılıq üzrə milli komandanın tərkibinin yenidən formalaşdırılmasıdır.

Sentyabrın 25-də idmançıların rəsmi təlim-məşq prosesi, 26-27 sentyabrda dairəvi və səngər stend atıcılığı üzrə qadınlar və kişilər arasında fərdi yarışlar və final görüşü, 28 sentyabrda isə qarışıq komanda yarışları keçiriləcək. Yarışlardan sonra isə qaliblərin mükafatlandırma mərasimi təşkil olunacaq.