Oktyabrın 1-də Cənubi Koreyanın Çunçeon şəhərində taekvondo üzrə gənclər arasında dünya çempionatı təşkil olunacaq. Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, altı gün davam edəcək yarışda gənclərdən ibarət yığma komandamızın üzvləri də qüvvələrini sınayacaqlar. Oğlanlardan ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçisi Zahid Məmmədov çempionatda İlyas Hətəmli (45 kq), Məhəmməd Həsənli (48 kq), Harun Salmanzadə (51 kq), Fuad Məhərləmli (55 kq), Ziya Həsənli (59 kq), Vasif Səlimov (63 kq), Yunis Hüseynov (68 kq), Hüseyn Xudiyev (73 kq), Elcan Əliyev (78 kq) və Allahverdi Məmmədova (+78 kq) şans verəcək.
Qızlardan ibarət millimizin baş məşqçisi Sun Mi Parkla böyük məşqçi Seul Bi Li isə yarışda Gülü Zamanlı (42 kq), Xuraman Cavadzadə (44 kq), Nilufər Borji (49 kq), Seyidxanım Məmmədova (52 kq), Sehri Cəlalova (55 kq), Fatimə Həsənova (59 kq), Nərgiz Kazımova (63 kq) və Bahar İbrahimovanı (68 kq) sınayacaq.
Komandaya Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev rəhbərlik edəcək.
Dünya çempionatında ədalət təmsilçiləri arasında beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva da yer alacaq.