Olimpiya Oyunlarında bayraqdar olan atletlərimiz

Olimpiya Oyunlarında bayraqdar olan atletlərimiz

Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Bəli, bayraq, gerb, himn kimi rəmzlər milli dövlətçiliyin varlığını, xalqın amallarını obrazlı və bədii dildə ifadə edən mühüm amillərdəndir. Odur ki, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc mənbəyi sayılır.
Müstəqillik qazandıqdan sonra üçrəngli bayrağımız dünyanın ən mötəbər idman tədbirlərində də qürurla dalğalanmağa başlayıb.  Ölkəmizi nüfuzlu yarışlarda uğurla təmsil edən atletlərimizin nailiyyətləri ildən ilə artmaqdadır. Hər bir idmançının əldə etdiyi qızıl medal sayəsində fəxri kürsüdə bayrağımız dalğalanır, himnimiz səslənir.

Olimpiya Oyunları dünyanın ən nəhəng idman tədbiri statusunu qorumaqda davam edir. Atletlərimiz  Olimpiya oyunlarında uğurla çıxış edir, bayrağımızı zirvələrdə dalğalandırır. Oyunlarda bu missiya ilk olaraq bayraqdarların üzərinə düşür. Mötəbər arenlarda ölkəmizin ən güclü və titullu atletləri üçrəngli bayrağımızı təmsil edirlər.   
“Olimpiya dünyası” qəzeti müstəqillik əldə etdikdən sonra Yay Olimpiya Oyunlarında bayraqdar olan idmançılar və onların  göstərdiyi nəticələr barəsində geniş yazını çoxsaylı oxucularına təqdim edir.


London-2012
 
London-2012 Yay Olimpiya Oyunları da Azərbaycan idmanı tarixində qızıl hərflərlə yazılmış salnamənin əsas səhifəsi hesab olunur. Böyük Britaniyada təşkil olunan Oyunlarda ölkəmiz 14 idman növü üzrə 53 (39 kişi, 14 qadın) idmançı ilə təmsil olunurdu. Londonun möhtəşəm Olimpiya stadionunda təşkil olunan açılış mərasimində bayraqdarımız Elnur Məmmədli olmuşdu. Dörd il əvvəl uğurları ilə dünya mətbuatının manşetində yer alan Elnur Məmmədlidən yeni nailiyyət gözlənilirdi. Mübarizəyə 81 kq çəki dərəcəsində qoşulan Olimpiya çempionumuz ilk görüşdə kanadalı Entoni Valois-Forteyə uduzaraq, yarışları vaxtından əvvəl tərk etmişdi. Amma Azərbaycan yığma komandasının üzvlərindən 10 nəfəri mükafatçılar sırasında yer almışdılar. London-2012-də Azərbaycan himni iki dəfə zala toplaşan azarkeşləri ayağa qaldırdı. Sərbəst güləşçilərimiz Toğrul Əskərov (60 kq) və Şərif Şərifov (84 kq) Olimpiya çempionu tituluna yiyələnmişdilər. Pekin Olimpiadasında yalnız finalda uduzan Rövşən Bayramov və Mariya Stadnik eyni nəticə ilə gümüş mükafatçılar sırasında yer almışdılar.  Emin Əhmədov (Yunan-Roma güləşi, 74 kq), Xetaq Qazyumov (sərbəst güləş, 96 kq) Yuliya Ratkeviç (qadın güləşi, 55 kq), Teymur Məmmədov (boks, 91 kq) və Məmmədrəsul Məcidov (boks, +91 kq) ölkəmizə bürünc medal qazandırmışdılar. Yekunda Azərbaycan XXX Yay Olimpiya Oyunlarında iştirak edən 206 ölkə arasında 32-ci yerdə qərarlaşmışdı.

 
Rio-2016

 
Dünyanın ən güclü idmançılarının Olimpiya çempionluğu uğrunda  mübarizəsi 2016-cı ildə Cənubi Amerikada təşkil edildi. Rio-de Janeyroda keçirilən Oyunlarda ölkəmiz 14 idman növü üzrə 56 idmançı (42 kişi, 14 qadın) ilə təmsil olunurdu. Okeanın o tayında keçirilən mötəbər yarışın açılış mərasimində dörd il əvvəlki olimpiadada çempion adını qazanan idmançılarımızdan heç biri bayraqdar seçilməmişdi.                                                             
Azərbaycan bayrağını möhtəşəm “Marakana” stadionuna London-2012-nin bürünc mükafatçısı olmuş boksçumuz Teymur Məmmədov gətirmişdi. Əvvəlki Olimpiya Oyunlarında bürünc mükafat qazanan boksçumuz bu dəfə fərqlənə bilməmişdi. O, yarışları 5-ci pillədə başa vurmuşdu.   
Rio-2016-da yığmamızın heyətində  yer alan Olimpiya çempionlarımızdan növbəti qızıl medal gözlənilirdi. Lakin onlar ikiqat çempion olmaq imkanını əldə vermişdilər. Toğrul Əskərov (65 kq) finala qədər uğurla irəliləsə də, həlledici qarşılaşmada rusiyalı Soslan Ramonova (0:4) uduzaraq, gümüş mükafatla kifayətlənmişdi. Digər Olimpiya çempionumuz Şərif Şərifov (86 kq) isə finala gedən yolda ikiqat Olimpiya çempionu Abdulrəşid Absaidov səddini keçə bilməmişdi. O, təsəlliverici görüşdə venesuelalı Pedro Sebalyosa (3:1) qalib gələrək, bürünc mükafatçılar sırasında yer almışdı.
Ümumilikdə Azərbaycan idmanı tarixində Olimpiya Oyunlarında ən yaxşı nəticə məhz Rio-2016-da qeydə alınıb. Yığmamızın üzvləri bu Oyunlarda medal sayına görə böyük sıçrayış etdilər. Bu dəfə Azərbaycan bayrağını fəxri kürsüdə dalğalandıran və himnimizi “Karioka 3 Arena”da səsləndirən taekvonçumuz Radik İsayev oldu. Təmsilçimiz finala gedən yolda qazaxıstanlı Ruslan Japarovu (11:2), cənubi koreyalı Çha Don Mini (12:8), böyük britaniyalı Ço Mahamanı (4:1) mübarizədən kənarlaşdırmışdı. Həlledici görüşdə Radikin rəqibi nigerli Abdulrazzaq Yusufi olmuşdu. Həmin görüşdə təmsilçimiz 6:2 hesablı qəlbə sayəsində Azərbaycanın növbəti Olimpiya çempionu tituluna yiyələnmişdi. Yığmamızın üzvlərindən Rüstəm Orucov (cüdo, 73 kq), Elmar Qasımov (cüdo,100 kq), Mariya Stadnik (sərbəst güləş, 48 kq), Valentin Demyanenko (kanoe sprint, C1, 200 m), Lorenzo Sotomayor (boks, 64 kq) və Xetaq Qazyumov (sərbəst güləş, 97 kq) finala qədər irəliləyərək, gümüş mükafata sahib olmuşdular.
Güləşçilərimizdən Sabah Şəriəti (yunan-Roma güləşi, 130 kq), Rəsul Çunayev (yunan-Roma güləşi, 66 kq), Hacı Əliyev (sərbəst güləş, 57 kq), Cəbrayıl Həsənov (sərbəst güləş, 74 kq), Natalya Sinişin (sərbəst güləş, 53 kq), taekvondoçularımızdan Patimat Abarova (49 kq), Milad Herçəqani (80 kq), boksçumuz Kamran Şahsuvarlı (75 kq) və kanoe sprint növündə İnna Osipenko-Radomskaya (K-1, 200 metr) bürünc mükafatla kifayətlənmişdilər. Rio-2016 Yay Olimpiya Oyunlarının yekunlarına əsasən Azərbaycan yığma komandası 18 (1 qızıl, 7 gümüş, 10 bürünc ) medalla 207 ölkə arasında 39-cu yeri tutmuşdu.
 
 
Tokio-2020
  
- Pandemiya dövrünə təsadüf etdiyi üçün Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi azarkeşsiz keçirilmişdi. Yaponiya milli stadionuna daxil olan iştirakçı komandaların üzvləri arasında iki bayraqdar görünmüşdü. Bu yenilik gender bərabərliyi prinsipinə uyğun tətbiq edilmişdi. Həmin vaxt Azərbaycanın üçrəngli bayrağını cüdoçu Rüstəm Orucovla (-73 kq) birlikdə taekvondoçu Fəridə Əzizova (67 kq) daşımışdı. 205 ölkənin iştirakı ilə mövcud karantin qaydaları əsasında keçirilən olimpiadada 14 növ üzrə 44 idmançımız mübarizə aparmışdı. Bayraqdarlarımızın heç biri “Gündoğar ölkə”də fərqlənə bilməmişdi. Belə ki, Rüstəm Orucov yarışları 5-ci pillədə başa vurmuşdu. Fəridə Əzizova isə mübarizəni 1/8 final mərhələsində dayandıraraq, yarışları 11-ci yerdə yekunlaşdırmışdı.
Atletlərimiz Tokio Olimpiadasında qızıl medal əldə edə bilmədilər. Lakin finala qədər bütün rəqiblərini mübarizədən kənarlaşdıran 3 təmsilçimiz gümüş mükafata layiq görüldülər. Karate yarışlarında Rafael Ağayev (75 kq) italiyalı Luici Busaya (0:1) və İrina Zaretska (61 kq) isə misirli Feryal Abdelazizə (0:2) finalda uduzmuşdular. Sərbəst güləşçimiz  Hacı Əliyev yaponiyalı Takuto Otoquro (4:5) ilə final görüşündə üstünlüyü əldən vermişdi. Azərbaycanın Tokio-2020-də əldə etdiyi bürünc mükafatları isə cüdoçumuz İrina Kindzerska (78 kq), boksçumuz Alfonso Dominqes (81 kq), güləşçilərimiz Rafiq Hüseynov (yunan-Roma güləşi, 77 kq)  və Mariya Stadnik (sərbəst güləş, 50 kq) qazanmışdılar. Yekun nəticələrə əsasən 7 medal (3 gümüş, 4 bürünc) əldə edən yığma komandamız 205 ölkə arasında 67-ci yeri tutmuşdu. Oyunların bağlanış mərasmində isə Azərbaycanı bayraqdarı kimi güləşçimiz Hacı Əliyev təmsil etmişdi.

 

Paris-2024

Bu il  bütün dünyanın diqqəti Fransanın paytaxtı Paris şəhərinə yönəlmişdi. İyulun 26-dan avqustun 11-dək keçirilən Olimpiya Oyunlarında Azərbaycan komandası 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazandı. Oyunların açılış mərasimində Azərbaycan komandasının bayraqdarları cüdo üzrə gənclər arasında Avropa çempionatının bürünc, 23 yaşadək cüdoçular arasında Avropa çempionatının gümüş mükafatçısı Gültac Məmmədəliyeva və boks üzrə ikiqat dünya mükafatçısı, Avropa Oyunlarının gümüş medalçısı Məhəmməd Abdullayev olub.  
Bağlanış mərasimində isə ölkəmizin bayrağını taekvondoçu Qaşim Maqomedov və bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvü Zeynəb Hümmətova daşıyıb. Avropa çempionatının qızıl və bürünc medalçısı olan Qaşim Maqomedov Paris Olimpiadasında 58 kq çəki dərəcəsində zədə səbəbindən finalda məğlub olaraq gümüş medala layiq görülüb. Zeynəb Hümmətovanın yer aldığı Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası isə Paris-2024-də 5-ci pilləni tutmaqla indiyə qədərki ən yüksək nəticəyə imza atıb.

Anar Əhmədov

Olimpiya Oyunlarında bayraqdar olan atletlərimiz Olimpiya Oyunlarında bayraqdar olan atletlərimiz