“Sədərək” - güclülərin idman klubu

“Sədərək” - güclülərin idman klubu

Ölkə idmanında inkişafa təkan verən, gənclərin bu sahəyə cəlb edilməsində əhəmiyyətli rol oynayan idman ocaqları (idman-sağlamlıq mərkəzləri, UGİM-lər, idman cəmiyyətləri və s.) çoxdur. İdman klubları da bu sahədə fərqlənirlər. Sözsüz ki, ölkəmizi mötəbər beynəlxalq yarışlarda təmsil edən atletlərin əksəriyyəti idmanda ilk addımlarını məhz klublarda atıblar. İdman klubları, ilk növbədə, uşaq-gənclər idmanı sahəsində təlim-məşq prosesinin və idman yarışlarının təşkili üçün imkanlar yaradır, klubların üzvləri arasında vətəndaşlıq və mənəvi-əxlaqi keyfiyyətlərin formalaşdırılması üzrə məqsədyönlü iş aparır, fəaliyyətini bədən tərbiyəsi və idman sahəsində dövlətin siyasətinə uyğun qururlar.
Azərbaycanda özünəməxsus yeri, öz dəsti-xətti olan idman klublarından biri də "Sədərək” idman klubudur. İdman ocağının yaradılmasının maraqlı tarixi var. Belə ki, ümummilli lider Heydər Əliyev ölkədə sağlam gəncliyin yetişməsi, idmanın inkişafına dəstək göstərilməsi üçün 1998-ci ildə ölkənin iş adamlarına müraciət edib. "Sədərək” idman klubu məhz ulu öndərin bu müraciətindən sonra təsis olunub. İdman ocağının yaradıcısı Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü, boks üzrə SSRİ idman ustalığına namizəd Yusif Qədimbəylidir. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (indiki AzDBTİA) məzunu olan Yusif müəllim özü boksçu olduğu üçün, yeni idman klubunun təməlini də boksla qoyub. Bu klub qısa zaman kəsiyində ölkənin tanınmış idman kollektivləri arasında özünəməxsus yer tutub. Belə ki, fəaliyyət göstərdiyi 15 il ərzində bu klub ölkəmizin yığma komandasına Elçin Əlizadə, Elşən İsmayılov, Elvin Məmişzadə, Salman Əlizadə, Cavid Tağıyev, Ramal Amanov, Fərhad Acalov, Fərid Tağıyev, Nəbi Bağırov, Kənan Qədimbəyli, Hüseyn Tarverdiyev, Elgün Əhmədov kimi boksçular verib. Adlarını çəkdiyimiz bu idmançıların hər biri öz dəsti-xətti ilə seçilən, ölkəmizi beynəlxalq aləmdə tanıtdıran atletlərdir.



Nailiyyətlər
yaradılan şəraitdən qaynaqlanır

Klubun təsisçisi Yusif Qədimbəyli hesab edir ki, Azərbaycan idmançılarının nailiyyətləri məhz onlara yaradılan şəraitlə bağlıdır: "Xalqımızın gələcəyi olan gənc nəslin fiziki sağlamlığı idmana göstərilən yüksək səviyyəli qayğı və diqqət sayəsində mümkün olub. Respublikamızda uşaq və gənclərin fiziki sağlamlığının təmin edilməsi üçün lazımi şərait mövcuddur. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin xüsusi qayğısı sayəsində indi Azərbaycanın hər bir bölgəsində müasir tələblərə cavab verən idman qurğuları fəaliyyət göstərir. Uşaqların idmana cəlb olunması kütləvi xarakter alıb. Minlərlə yeniyetmə və gənc hər gün müxtəlif idman növləri ilə məşğul olmaq üçün klublara və idman bölmələrinə üz tutur. İdmançıya yüksək nəticə qazanmaq üçün, hər şeydən əvvəl, güclü maddi texniki baza lazımdır. "Sədərək” idman klubunda belə bir baza artıq mövcuddur. Klubun təsis edildiyi ilk dövrlərdə müəyyən qədər çətinlik çəkirdik. İdmançılarımız paytaxtın ayrı-ayrı idman bazalarında icarə əsasında məşq edirdilər. İndi isə, qeyd etdiyim kimi, idmançılarımız üçün hər cür şərait yaratmış "Sədərək” idman klubunda hazırda boks, karate, cüdo, sumo, gimnastika, trenajor zalları, 2 mini futbol meydançası mövcuddur. Qeyd etdiyim bu qurğular ən müasir idman avadanlıqları ilə təchiz edilib. Klubumuzun böyük tennis kortu gələcəkdə yenidən tikiləcək. Həmçinin biz 5 zolaqlı üzgüçülük hovuzu inşa etməyi nəzərdə tutmuşuq. Klubumuzun nəzdində 20 otaqdan ibarət hotel fəaliyyət göstərir. Hər biri iki nəfərlik olan bu otaqlarda insanın rahatlığı üçün hər cür şərait var. Burada olan yeməkxana eyni vaxtda 35-40 nəfərə xidmət göstərir. Hesab edirəm ki, beynəlxalq yarışlarda iştirak etmək üçün ölkəmizə gələn idmançılara "Sədərək” idman klubunun hotelində yüksək səviyyədə xidmət göstərmək mümkündür. Eyni zamanda, ölkəmizin müxtəlif növlər üzrə komandaları öz təlim-məşqlərini "Sədərək” idman klubunda keçirə bilərlər”.
Klubun icraçı direktoru, SSRİ idman ustası, Əməkdar məşqçi, Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Aydın Qasımov da əldə olunan nailiyyətlərin idmançılara yaradılan yüksək şəraitdən qaynaqlandığını dedi: "Ölkədə idmana göstərilən dövlət qayğısı sayəsində idmançılarımız beynəlxalq turnirlərdə ən yüksək titullara sahib çıxırlar. Şübhəsiz ki, adlı-sanlı atletlərimiz idmanda ilk addımlarını klublarda atırlar. "Sədərək” idman klubu da güclü idmançılar yetişdirən idman ocağıdır. Təmsilçilərimiz müxtəlif səviyyəli turnirlərdə hər zaman uğurlu nəticələr qazanırlar. Klubumuzda yaradılan hərtərəfli şərait nailiyyətlərin əsasını təşkil edir. "Sədərək” idman klubunun təsisçisi və prezidenti Yusif Qədimbəyli burada idmanın müxtəlif növləri ilə məşğul olanlar üçün lazımı şərait yaradıb. Klubumuzda yüksək titullu idmançılar yetişdirmək üçün istənilənşərait mövcuddur. Bizə uğur qazandıran məhz klub prezidentinin qayğısı ilə əhatə olunmağımızdır”.




Arxada qalan illər, artan nailiyyətlər

"Sədərək” idman klubu ölkə birinciliyində mütəmadi olaraq mükafatalayiq yerlər tutub. 2005-ci ildə gənclər arasında ikinci yer, 2008-ci ildə yeniyetmələr arasında komanda hesabında birinci yer, 2010-2011-ci illərdə isə kişilər arasında üçüncü yer bu kluba məxsus olub. "Sədərək” idmançılarının müxtəlif yarışlarda göstərdikləri nəticələr bir daha sübut edir ki, bu idman ocağı boks üzrə milli komandaya zaman-zaman çox güclü dəri əlcək ustaları hazırlayıb. Burada məşq edən boksçuların idman karyerasına nəzər saldıqda, onların doğrudan da, bu növdə güclü oduqlarını aydın şəkildə görmək mümkündür. Klubun yetirmələri istər ölkədaxili, istərsə də, beynəlxalq arenalarda hər zaman fərqləniblər. 2005-ci ildə Estoniyada keçirilən Avropa birinciliyi bu klubun təmsilçiləri üçün uğurlu olub. Belə ki, Elçin Əlizadə və Elşən İsmayılov bu yarışda bürünc medallara layiq görülüblər. Boksun sirlərinə "Sədərək”də yiyələnən Cavid Tağıyev 1998-ci ildə yeniyetmələr arasında keçirilən Avropa birinciliyində ikinci yerə, 2004-cü ildə təşkil olunan Avropa çempionatında isə bürünc mükafata layiq görülüb. O, 2004-cü ildə Afinada keçirilən XXVIII Yay Olimpiya Oyunlarının iştirakçısı olub və milli komandamıza reytinq xalı qazandıran beşinci yerə sahib çıxıb. Cavidin beynəlxalq arenalarda qazandığı yüksək nəticələr diqqətdən kənarda qalmayıb. Azərbaycan idmanının inkişafına xüsusi qayğı ilə yanaşan Prezident İlham Əliyev onu "Tərəqqi” medalı və mənzillə mükafatlandırıb. "Sədərək” idman klubunun istedadlı rinq ustalarından biri olan Elçin Əlizadə də uğurları ilə ad-san qazanıb. O, 2001-2004-cü illərdə yeniyetmələr arasında keçirilən dünya birinciliklərində ikinci yerə layiq görülüb. 2002-2003-cü illərdə yeniyetmələr arasında təşkil olunan Avropa birinciliyində Elçin Əlizadə bütün rəqiblərindən üstün olub. 2004-cü ildə Çinin paytaxtı Pekində keçirilən dünya çempionatında Elçin bu dəfə kişilər arasında yarışıb. O, bu turnirdə ikinci pillədə qərarlaşıb. 2006-cı ildə təşkil olunan Avropa çempionatında mübarizəyə qoşulan idmançımız bürünc mükafat qazanıb. Təcrübəli boksçu güclü olduğunu hərbçilərin dünya çempionatında da nümayiş etdirib. 2008-ci ildə keçirilən dünya çempionatında o, birinci yerə layiq görülüb. İftixar hissi ilə demək olar ki, Elçin Əlizadə təkcə Azərbaycan idmanında deyil, dünya boksunun tarixində özünəməxsus yeri olan bir atletdir. Təsadüfi deyil ki, bu idmançı 2005-ci ildə boks üzrə respublikamızda "İlin ən güclü idmançısı” adına layiq görülüb, həmçinin "Gənclərin fəxri” mükafatını qazanıb.
Klubun idmançısı Elşən İsmayılov da uğurları ilə seçilən boksçulardan biridir. O, 2002-2004-cü illərdə keçirilmiş yeniyetmələrin dünya və Avropa birinciliklərində bürünc mükafata layiq görülüb. Elşən bu nailiyyətləri gənclər arasında 2004-cü ildə təkrarlayıb.
"Sədərək” idman klubunun perspektvili, bacarıqlı və təcrübəli idmançılarından biri olan Elvin Məmişzadə ölkə boksunda öz dəsti-xətti ilə fərqlənir. Bu boksçu 2007-ci ildə yeniyetmələr arasında keçirilən Avropa birinciliyində bütün rəqiblərini üstələyərək qızıl medala layiq görülüb. Hər zaman öz üzərində çalışan, təcrübəsini və bacarığını yüksək səviyyədə saxlamağa nail olan Elvin 2009-cu ildə gənclər arasında təşkil olunan Avropa çempionatının da qızıl mükafatçısıdır. 2010-cu il bu idmançının həyatında uğurlu illərdən biri kimi qalıb. Belə ki, həmin il Elvin Avropa çempionatında və Avropa kuboku yarışlarında ikinci pillənin sahibi olub. Qeyd edək ki, təcrübəli boksçu 2012-ci ilin ən mötəbər idman tədbiri olan XXX Yay Olimpiya Oyunlarının iştirakçısıdır.
"Sədərək” İK-in təcrübəli dəri əlcək ustası Salman Əlizadə Azərbaycan boksuna şöhrət qazandıran idmançılardandır. Gənc boksçu 2010-cu ildə gənclər arasında keçirilən dünya çempionatının qızıl medalını əldə edib. Bu, Salman Əlizadənin ən böyük uğurlarından biri, amma sonuncusu deyil. 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunları ölkəmizin idman salnaməsinə qızıl hərflərlə yazılıb. Sinqapurda 205 ölkənin 3600 idmançısı çempionluq uğrunda mübarizə aparıb. Azərbaycanın idman şərəfini ilk dəfə keçirilən bu mötəbər yarışda 12 atlet 6 idman növündə qoruyub. Olimpiadanın boks yarışlarında ölkəmizi 3 boksçu təmsil edib. "Sədərək” idman klubunun yetirməsi Salman Əlizadə yeniyetmələrin ilk möhtəşəm idman turnirində gümüş mükafat qazanıb. O, finalda qızıl medalın bir addımlığında büdrəyib. İrlandiyalı rəqibi Ryan Burnettlə qarşılaşan boksçumuz qələbəni əldən verib. Xatırladaq ki, Salman Əlizadə irlandiyalı rəqibini buna qədər 2 dəfə məğlub etmişdi: Bakıda keçirilən beynəlxalq turnirdə və gənclər arasında dünya çempionatında. 2011-ci ildə Türkiyənin paytaxtı Ankara şəhərində boks üzrə keçirilən Avropa çempionatında 18 yaşlı Salman böyüklər arasında çıxış edib. O, komandamıza ilk qızıl medalı qazandırıb. Qeyd edək ki, bu həm də 18 illik fasilədən sonra Azərbaycan boksçularının böyüklər arasında Avropa çempionatında əldə etdiyi ikinci qızıl medal idi. Xatırladaq ki, qitə çempionatının ilk qızıl medalını 1993-cü ildə Bursada (Türkiyə) Rövşən Hüseynov qazanmışdı. 2012-ci iln noyabr ayında ölkəmizdə keçirilən tələbə boksçuların dünya çempionatı da Salman Əlizadə üçün uğurlu olub. Komandamıza ilk qızıl medalı məhz bu boksçu qazandırıb. Ötən ilin dekabr ayında Rusiyanın Kalininqrad şəhərində 19-22 yaşlı boksçular arasında keçirilən Avropa çempionatında Salman da çıxış edib. Təmsilçimiz finalda rusiyalı Vasili Vetkinlə qarşılaşıb. Medalın bir addımlığında təşəbbüsü əldən verən boksçumuz Avropa çempionatını gümüş medalla başa çatdırıb. Onu da deyək ki, bu yarışda təmsilçimiz 49 kq çəkidə, onun rusiyalı rəqibi isə 52 kq çəkidə döyüşüb. Həyatımıza yenicə qədəm qoyan 2013-cü il Salman Əlizadənin idman karyerasında uğurla başlayıb. Belə ki, istedadlı boksçu yanvarın 7-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində start götürən Azərbaycan çempionatında yüksək nəticə göstərib. Respublikanın müxtəlif şəhər və rayonlarının klub və cəmiyyətlərini təmsil edən 216 boksçunun iştirak etdiyi bu çempionat ölkənin güclü dəri əlcək ustalarını aşkara çıxarıb. 49 kq çəki dərəcəsində mübarizə aparan Salman bütün rəqiblərini üstələyərək Azərbaycan çempionu adına layiq görülüb.
"Sədərək” idman klubunun yetirməsi Nəbi Bağırov da uğurları ilə fərqlənən boksçudur. O, yeniyetmələr arasında Avropa birinciliyinin bürünc mükafatçısıdır. Klubun digər üzvü Hüseyn Tarverdiyev də ölkəmizin idman şərəfini ləyaqətlə qoruyan boksçularımızdandır. Perspektivli dəri əlcək ustası Avropa birinciliyinin bürünc mükafatçısıdır.
Ümumiyyətlə, bu idman ocağının yetirmələri iştirak etdikləri yarışlarda hər zaman fərqlənməyi bacarıblar. Respublika miqyaslı turnirlərdə klubun boksçulardan ibarət komandası daima mükafatçılar sırasında yer alıb. "Sədərək” idman klubunun rinq ustaları Rəşad Müslümov, Xəyal Muradov, Malik Məmmədzadə, Murad Ağamaliyev və Qurban Qurbanov da yüksək nailiyyətləri ilə seçilən idmançılardır. Buranın tanınmış rinq ustası Ramal Amanov Çin Xalq Respublikasında keçirilən dünya çempionatında ikinci yerə sahib çıxıb. O, ABŞ-ın Çikaqo şəhərində təşkil olunan boks üzrə ABŞ-Azərbaycan duelində qalib gələn idmançılardan biridir.


Məşqçilər də yaradılan şəraitdən
razıdırlar

Şübhəsiz ki, belə bacarıqlı, güclü idmançıların yetişməsində məşqçilərin də yüksək əməyi var. "Sədərək” boksçuları məhz təcrübəli məşqçilərin sayəsində uğurlar qazanıblar. Azərbaycan boksunda xüsusi xidmətləri olan Elbrus Rzayev, Hüseyn Bağırov, Əsgər Eyvazov, Vaqif Xanəliyev, Elsevər Abbasov kimi tanınmış məşqçilər müxtəlif illərdə bu klubda çalışıblar.


"Sədərək” idman klubunda bu gün də təcrübəli məşqçilər fəaliyyət göstərirlər. Bu məşqçilər də idman ocağında hərtərəfli şəraitin yaradıldığını, heç bir problemlə üzləşmədiklərini vurğuladılar.
Nazim Mirhüseynov (boks, Əməkdar məşqçi):
- İstənilən idman növündə uğur qazanmağın əsas şərti maddi-texniki bazanın olmasıdır. Əgər şərait varsa, deməli, uğur da olacaq. "Sədərək” idman klubunda məhz bu cür şərait mövcuddur. Burada idmanın müxtəlif növləri üzrə məşqlər keçirilir. Gənc idmançılar təcrübəli, bacarıqlı mütəxəssislərdən dərs alırlar. Klubumuzun boksçuları Azərbaycanımızı dünya miqyasında tanıtdıran idmançılardır. Burada dünya, Avropa çempionları, Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı tituluna layiq görülmüş boksçular yetişib. Əlbəttə, nailiyyətlərimiz asan başa gəlməyib. Bunun üçün gərgin əmək sərf olunub. Ən əsası isə, idmançılarımız və məşqçilərimiz hərtərəfli qayğı ilə əhatə olunublar.

Samir Abdullayev (sumo):
- Sumo idman növünün hərtərəfli inkişafı üçün lazımı şərait olmalıdır. Biz əvvəllər özümüzün idman klubumuzda fəaliyyət göstərirdik. Ancaq bu növün geniş şəkildə inkişaf etdirilməsi, kütləviliyə nail olmaq üçün daha yüksək şərait tələb olunur. Biz "Sədərək” idman klubunun rəhbərliyinə müraciət etdik və burada bizə ən yüksək səviyyədə şərait yaradıldı. Bu klubda məşq etmək və uğur qazanmamaq, məncə, mümkün deyil. Çünki, burada güclü maddi-texniki baza var. Əminəm ki, sumoçularımız bizim üçün yaradılan bu şəraitdən yararlanaraq ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil edəcəklər. İdmançılarımıza yaradılan şəraitə görə klubun rəhbərliyinə minnətdaram.

Rəşad Quriyev (cüdo):
- "Sədərək” idman klubu respublikamızın tanınmış idman ocaqlarından biridir. Burada məşq edən idmançılar ölkəmizi ən mötəbər turnirlərdə təmsil edir, vətənə yüksək əyarlı medallarla dönürlər. Bu uğurların əldə olunması "Sədərək” idman klubunda mövcud olan yüksək şəraitlə bağlıdır. Burada olan idman zalları ən müasir avadanlıqlarla təchiz edilib. Atletlərin lazımı səviyyədə məşq keçmələri üçün heç bir problem yoxdur. Klubun rəhbərliyi idmançılara və məşqçilərə maddi və mənəvi cəhətdən hər zaman dəstək göstərir. Belə bir şəraitdə idmanla məşğul olmaq, mən deyərdim ki, qələbənin tam yarısı deməkdir. Məhz buna görə də, klubun rəhbərliyənə öz adımdan və idmançılarımız adından minnətdarlığımı bildirirəm.