Elçin Cəfərov: “Ölkədə əsas nəticə verən idman növlərinə daha çox dəstək olmaq lazımdır” - MÜSAHİBƏ

Elçin Cəfərov: “Ölkədə əsas nəticə verən idman növlərinə daha çox dəstək olmaq lazımdır” - MÜSAHİBƏ

Bu yaxınlarda Albaniyanın paytaxtı Tiranada qeyri-Olimpiya çəki dərəcələri üzrə keçirilən dünya çempionatında yunan-Roma güləşi üzrə yığmamız komanda hesabında birinci yeri tutdu. Dörd idmançı ilə yarışda təmsil olunan komandamız üç qızıl medalla Vətənə qayıtdı.  
Bu günlərdə “Şöhrət” ordenli, “Olimpiya” ordenli, Tərəqqi medallı yunan-Roma güləşi üzrə mütəxəssis Elçin Cəfərovla görüşdük. Vaxtilə yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi vəzifəsində çalışmış təcrübəli mütəxəssislə dünya çempionatı, Paris-2024 və digər məsələlərlə bağlı həmsöhbət olduq. Həmin müsahibəni oxuculara təqdim edirik.

- Elçin müəllim, yunan-Roma güləşi üzrə yığmamız Albaniyada keçirilən qeyri-Olimpiya çəki dərəcələri üzrə dünya çempionatında növbəti dəfə böyük uğura imza atdı. İstərdik ki, söhbətimizə elə bu tarixi uğurla başlayaq.

- Dünya çempionatı Azərbaycan idman tarixi və güləş məktəbi üçün yüksək nəticə ilə yadda qaldı. Dörd idmançımızdan üçü dünya çempionu kimi Vətənə qayıtdı. Bir idmançımız isə zədə səbəbindən beşinci yerlə kifayətləndi. Güləşçilərimizdən Eldəniz Əzizli dördüncü dəfə dünya çempionu tituluna sahib olmaqla, Azərbaycan güləşində tarixi uğura imza atdı. O, hələ mənim yığmaya rəhbərlik etdiyim vaxtlardan komandanın üzvü idi. Nihat Məmmədli və Ülvü Qənizadə isə gənc idmançılardır. Fürsətdən istifadə edib uğur münasibəti ilə məşqçilər heyətini, idmançıları, onların şəxsi məşqçilərini təbrik edirəm. Azərbaycan güləşçilərinin hər hansı bir uğuru hər birimizin qələbəsidir.

  
“Bütün idmançılara özünü göstərmək üçün şans verilməlidir”

- Bir qədər də Paris-2024-də güləşçilərimizin nəticələri barədə danışaq. Pəhləvanlarımız Atlanta-1996-dan bu yana ilk dəfə idi ki, Paris-2024-də final mərhələsinə vəsiqə qazana bilmədi. Sizcə, bunun səbəbi nə ilə əlaqədar idi?

- İdman elə bir sahədir ki, burada bütün meyarlar nəticə ilə ölçülür. Bu gün əgər nəticə və qızıl medalın varsa, özünü təsdiqləyirsən. Əks halda çıxıb getməlisən. Bu prinsip bütün dünyada belədir.  Bildiyiniz kimi, hər bir məşqçinin özünün xüsusi hazırlıq planı olur. Hər Olimpiya Oyunlarından sonra növbəti olimpiadaya hazırlıqlar başlayır. Elə idmançı var ki, onlar bütün gücünü dünya və Avropa çempionatında qoyur, Olimpiya Oyunlarına gəldikdə isə nəticə qazana bilmir. Bu, dördilliyin zirvə yarışıdır. Hər kəs bu oyunlarda özünü təsdiqləmək istəyir. Fikir versək görərik ki, Fərid Mansurovun Olimpiya çempionu olmasından artıq 20 il ötür. Bu, çox böyük vaxtdır. Belə yüksək hazırlıqlar və imkanlarla bu nəticə artıq yenilənməli idi. Amma təəssüf ki, alınmadı. Bu gün bizdə bütün yarışlarda güləşçilərdən nəticə gözləyirlər. Amma əsas yarış üçün həmin idmançıları qorumaq lazımdır. 
Ümumiyyətlə, əsas idmançını il ərzində yarışlara çox buraxmaq düzgün deyil. Ehtiyat qüvvə formalaşmalıdır. Cəmiyyət və klublarda bunun üçün müvafiq işlər aparılmalıdır. Bütün idmançılara özünü göstərmək üçün şans verilməlidir. Bütün dünyada lisenziyanı bir idmançı alır. Amma kim yaxşı vəziyyətdədirsə, olimpiadaya o yollanır. Elə idmançı var ki, lisenziya qazanmasına baxmayaraq formada olmur və olimpiadaya gedir. Bütün bunlar hamısı hazırlıq vaxtı nəzərə alınmalıdır. Yeni ilin başlamasına az vaxt qalıb. Bunun üçün də məşqçilər heyəti Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına yeni proqram hazırlamalı, bu işləri planlı şəkildə davam etdirməlidirlər. Bir də onu qeyd edim ki, ölkədə əsas nəticə verən idman növlərinə daha çox dəstək olmaq lazımdır.  
   
- Elçin müəllim, vaxtilə yığma komandamızın heyətində uğur qazanan idmançılarımız bu uğurların davamını məşqçilik fəaliyyətində təkrarlaya bilmədilər. Bunu nə ilə əlaqələndirmək olar?
- Bu, təkcə bizim ölkədə deyil, dünyada da belədir. İdmanda bütün nəticələri əldə etmiş adlı-sanlı idmançılar çox vaxt yaxşı məşqçi ola bilmirlər. Onlar ya nəyisə düzgün etmirlər, ya da məşq prosesinə tam nəzarət etməyi bacarmırlar. Bəzən titullu idmançılar deyirlər ki, mənə də şans verin özümü yığmada sınayım. Amma milli komanda eksperiment yeri deyil. Sən özün-özünə elə inanmalısan ki, bütün yükü çiynində daşıya biləsən. Nəticəli idmançı bütün bunları nəzərə alıb, gəlib yığmaya rəhbərlik etməlidir.

     
- Bir vaxtlar valideynlər uşaqlarını güləş idman növlərinə yazdırmaq üçün növbəyə dayanmışdılar. Sizə elə gəlmirmi ki, artıq valideynlər digər idman növlərinə üstünlük verirlər?

- Bəli, doğru qeyd edirsiniz. Müqayisə üçün bunu demək lazımdır ki, əvvəl ölkənin hər yerində hamı güləşlə məşğul idi. İndi bir qədər fərqlidir. Cüdoçular, taekvondoçular, boksçular, kikboksinqçilər, karateçilər son illərdə yüksək işlər gördülər. Lakin bütün hallarda bu Azərbaycan idmanının uğurudur. Fikrimcə, güləşin köhnədən yerlərdə qalan bazalarını saxlayıb, bərpa etmək lazımdır. Amma yaxşı olar ki, bu bazaların sayı artırılsın. Bu yaxınlarda Qusarın Hil kəndində güləş zalının açılışı oldu. Mərdəkanda isə Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziya fəaliyyət göstərir ki, burada da gələcəyin pəhləvanları yetişir. Bundan başqa Salyanda, Goranboyda, Astarada, Lənkəranda da güləş zalları istifadəyə verilib. Bu, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarovun nəzarətində olan bir proqramdır. Regionlarda, şəhər və qəsəbələrdə güləş məktəblərinin, zallarının açılışı, inventarlarla təminatı, savadlı məşqçilərin təyin edilməsi gələcəkdə də davam etdiriləcək.

 
- SSRİ dövründə Azərbaycanın güləş mütəxəssisləri Dağıstanda məşqçilik fəaliyyəti ilə məşğul idilər. Amma indi dağıstanlılar ölkəmizdə güləş idman növlərində müəyyən say çoxluğu təşkil edirlər. Bir mütəxəssis kimi bunu nə ilə əlaqələndirərdiniz?

- Azərbaycanlı məşqçilər vaxtilə Dağıstanda güləş məktəbi yaradıblar. Orada uşaqlar demək olar ki, güləşdən başqa idman növü ilə məşğul olmurlar. Bütün Şimali Qafqaz ancaq güləşlə məşğuldur. Fikir versək görərik ki, orada kim hansı şəhərdən, kənddəndirsə, Avropa, dünya çempionu olduqdan sonra doğulduğu yerdə güləş məktəbi açır. Ona görə də Dağıstan güləş məktəbi bütün dünyaya yayılır. Sual oluna bilər ki, bizdə bu ənənə varmı? Təəssüf ki, bu gün dünya, Avropa və Olimpiya çempionlarımızın adına bir dənə də olsun güləş məktəbi yoxdur. Hər Avropa, dünya çempionatları və Olimpiya Oyunlarından sonra Dağıstan güləş məktəbinin nə qədər idmançısının mükafatçılar sırasında yer alması ilə bağlı statistika çıxarılır. Bu, adi nəticə deyil. Onların zəngin güləş ənənələri və böyük məktəbi var. Bizdə də bunu etmək lazımdır. Çox istərdim ki, Fərid Mansurovun, Namiq Abdullayevin, Toğrul Əsgərovun, Rövşən Bayramovun və digər titullu idmançılarımızın adına güləş məktəbi olsun.
Bundan başqa bu gün dünyada güləş idman növü geniş yayılıb. Bir fakta nəzər salsaq görərik ki, hazırda ABŞ-da, İranda, Rusiyada 10 milyon, Hindistanda 12 milyon, Çində isə 15 milyona yaxın insan güləşlə məşğuldur. Bizdə isə yalnız Güləş Mərkəzində 100-120 nəfər bu idman növü ilə məşğul olur. Bu qədər sayla yunan-Roma güləşçilərimiz komanda hesabında ardıcıl ikinci dəfə dünya çempionu oldu. Dörd nəfərdən üçü dünya çempionu adını qazandı. Yəni kəmiyyət yox, keyfiyyət yüksək olmalıdır. 

 

“Vaxtilə yığma komandanı çalışdıranda fikirlərim, planlarım tamamilə fərqli idi”

- Bölgədə bir vaxtlar uğur qazanan güləşçilərin əksəriyyəti ROİL-in yetirmələri olublar. Bunun üçün də ROİL-in fəaliyyəti Azərbaycan güləşində danılmazdır. İndi bölgələrdən gələn güləşçilərin Bakıda qalması və məşq şəraiti üçün hansı imkanlar yaradılıb?

- Bir çox adlı-sanlı idmançılar, mütəxəssislər ROİL-in yetirməsi olub. Qürurla deyirdim ki, mən özüm də ROİL-in yetirməsiyəm. Fürsətdən istifadə edib, mənə dərs deyən müəllimlərimə, məşqçilərimə minnətdarlığımı bildirirəm. Bu gün mənim məşqçim İsmayıl Çöpsiyev Balakəndə güləş mərkəzinə rəhbərlik edir.
ROİL Azərbaycan idmanına bir çox dünya, Avropa və Olimpiya çempionlarını bəxş edib. Nümunə üçün deyim ki, bu gün Qazaxıstanda 12, Belarusda 20, Rusiyada 40-a yaxın belə məktəb fəaliyyət göstərir. Müqayisə üçün desəm Qırğızıstanda və Özbəkistanda da belə məktəblər kifayət qədərdir. Onlar hamısı internat sistemini saxlayıblar. Söhbətimin əvvəlində qeyd etdiyim kimi, bu gün Mərdəkanda Güləş Gimnaziyası fəaliyyət göstərir ki, burada 80-ə yaxın güləşçi həm təhsil alır, həm də hazırlıqlarını davam etdirirlər. Amma bu da kifayət etmir. Bu gimnaziyalar Gəncədə, Lənkəranda, Qusarda və digər bölgələrdə də olmalıdır. Bu, Azərbaycan Güləş Federasiyasının da gələcək planlarına daxildir. Buna isə həm vaxt, həm də maliyyə lazımdır.

- Bu gün gənc güləşçilər nəslindən kimlərin gələcəyinə böyük ümidlər bəsləyirsiniz?

- Perspektivli idmançılarımız çoxdur. Nihat Məmmədlini, Ülvü Qənizadəni və Həsrət Cəfərovu qeyd edərdim. Yeniyetmə və gənclərdə uğur qazanan o qədər idmançılar var ki, zaman, mühit, “dostlar” onları dəyişir və sonda erkən yaşda idmanla vidalaşmalı olurlar. Belə perspektivli idmançıları qorumaq lazımdır. Dekabr ayında ölkə çempionatı keçiriləcək. Yığma komandaya əsas seçim də məhz bu yarışdan sonra olacaq. İnanıram ki, bu idmançılar öz yerlərini yığmada qoruyacaqlar.      

- Yetişdirdiyiniz idmançılardan kimləri karyeranızın ən böyük uğuru hesab edirsiniz?

-  Zədəyə görə 26 yaşımda idmandan uzaqlaşdım. Çox istərdim ki, mən də dünya, Avropa və Olimpiya çempionu olum. Amma tale elə gətirdi ki, məşqçi kimi bu uğurların hamısını qazandım, Olimpiya çempionu və  mükafatçıları, 10 nəfərə yaxın dünya, 15-ə yaxın Avropa çempionu yetişdirdim. Bunlar hamısı mənim arzuladığım nəticələr idi. Bütün nailiyyətləri əldə etmiş məşqçi kimi yüksək nəticə göstərən hər bir idmançımdan razıyam. Fərid Mansurov, Rövşən Bayramov, Vitali Rəhimov, Rəsul Çunayev, Elçin Əliyev, Rafiq Hüseynov, Elvin Mürsəliyev və digərləri Azərbaycan güləş məktəbini əla qiymətlərlə bitirən və tarixi nəticələr əldə edən idmançılarımızdır. Onların çoxu bu gün öz fəaliyyətlərini yığma komandalarda məşqçi kimi davam etdirirlər. Bir sözlə, məşqçi kimi karyeramdan razıyam. Hər məşqçi bu nəticələri əldə edə bilmir. Mənim üçün də zamanında çətin idi, qəbul etmirdilər. Vaxtilə yığma komandanı çalışdıranda fikirlərim, planlarım tamamilə fərqli idi. Yığma komanda sisteminə yenilik gətirmişdim. Bu gün də həmin sistemə oxşar məşqlər keçirilir. Fikrimcə, hər bir adam yaradıcı olmalıdır, öz işlərində yeniliklər etməyi bacarmalıdır, dəyişikliyə yönəlmiş addımlar atmalıdır. Bütün bunların hamısını məşqçi yüksək səviyyədə həyata keçirməlidir. Belə olan halda yeni uğurlar əldə olunacaq.  


Azər Əlizadə

Elçin Cəfərov: “Ölkədə əsas nəticə verən idman növlərinə daha çox dəstək olmaq lazımdır” - MÜSAHİBƏ