Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində bu gün mövsümün ən vacib oyunlarından biri keçiriləcək. Baş tutacaq qarşılaşmaların nəticəsinə əsasən pley-off mərhələsinə yüksələcək son iki komanda müəyyənləşəcək.
Bakı İdman Sarayında azarkeşlər “Abşeron” - NTD duelinə şahidlik edəcəklər. Komandalar arasında indiyədək keçirilən iki oyunda bərabərlik qeydə alınıb. İlk matçda “Abşeron” 88:74 hesabı ilə qalib gəlibsə, cavab qarşılaşmasında NTD 67:63 üstün olub. Bu günkü görüş qalibi pley-offa daşıyacaq.
Digər həlledici qarşılaşma Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq. “Sumqayıt” öz meydanında “Sərhədçi”ni qəbul edəcək. Bu cütdə də vəziyyət eynidir – birinci oyunda “Sərhədçi” 123:97 hesabı ilə qələbə qazansa da, ikinci matçda “Sumqayıt” 100:97 hesablı əzmkar qələbə ilə seriyada bərabərlik yaradıb.
Hər iki görüş saat 19:00-da başlayacaq.
Qeyd edək ki, daha öncə keçirilən oyunlarda “Gəncə” “Lənkəran”ı (96:92, 100:74), “Ordu” isə “Quba”nı (88:74, 92:88) məğlub edərək pley-offa vəsiqə qazanıb. Bu axşam baş tutacaq matçlardan sonra dörddəbir finalda iştirak edəcək bütün komandaların adları rəsmiləşəcək.