Cəsurlar Qusarda yarışdılar

Cəsurlar Qusarda yarışdılar

Olimpnews.az saytının verdiyi xəbərə görə, Qusardakı "N” nömrəli hərbi hissədə rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə "Cəsurlar” hərbi-idman və turizm oyununun rayon birinciliyi keçirilib.
Gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan yarışmada şəhərdəki təhsil ocaqlarının eləcə də Hil, Yasab, İmamqulukənd, Yuxarı Zeyxur, Quxur oba, Həzrə, Atlıxan oba, Xürel, Urva kənd tam orta məktəblərinin komandaları iştirak ediblər.
Ümumilikdə VII-VIII sinif şagirdləri üzrə 7 nəfərdən (5 oğlan və 2 qız) ibarət komandaların yarışında hərbi hissənin zabitləri hakimlik ediblər.
Məktəbdaxili, rayon, zona və final mərhələləri üzrə keçirilən oyunlarda Həzrə kənd tam orta məktəbinin komandası birinci, Quxur oba ikinci, Urva komandası isə üçüncü yeri tutub.
Qalib komandalar rayon gənclər və idman idarəsinin təsis etdiyi diplomlarla təltif olunub. I yerə layiq görülən Həzrə komandası martın 4-də Xaçmazda keçiriləcək zona mərhələsində iştirak etmək hüququ qazanıb.
Zərdab məktəbliləri isə Gəlmə kənd tam orta məktəbinin bazasında "Cəsurlar” hərbi-idman və turizm oyunlarının rayon birinciliyində çıxış ediblər.
Birincilikdə rayonun 25 tam orta məktəbindən 300 nəfərə yaxın yeniyetmə iştirak edib. Komandaların yüksək fəallığı şəraitində keçən yarışlarda Gəlmə kənd tam orta məktəbinin komandası birinci, Zərdab şəhər 2 və 3 nömrəli tam orta məktəblərin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdürüblər. Qaliblərə rayon gənclər və idman idarəsinin diplom və qiymətli hədiyyələri verilib.
Birinci yeri tutan Gəlmə kənd tam orta məktəbinin komandası zona yarışlarına vəsiqə qazanıb.
Xatırladaq ki, "Cəsurlar” hərbi-idman və turizm oyunları yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsində, onların ordu sıralarında xidmətə hazırlanmasında, turizm işinin öyrədilməsində mühüm əhəmiyyət kəsb edir.