Mayın 6-da Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turnirinə yekun vurulub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı Tennis Akademiyasında əvvəlcə üçüncü yer uğrunda oyun keçirilib. Daxili İşlər Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Qalib penaltilər seriyasında müəyyən olunub. Daxili İşlər Nazirliyi rəqibini 4:1 hesabı ilə məğlub edərək turnirin bürünc medalını qazanıb.
Daha sonra tədbir turnirə həsr olunmuş videoçarxın nümayişi ilə davam edib. Ardınca “Gimnastika hamı üçün” komandasının maraqlı və əyləncəli çıxışları təqdim olunub. Mardan Band ifa etdiyi musiqi nömrələri ilə tədbirə xüsusi rəng qatıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Günün əsas qarşılaşması - final oyunu isə Ədliyyə Nazirliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında keçirilib. Görüşdə üstün oyun sərgiləyən Ədliyyə Nazirliyi rəqibini 3:0 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə turnirin qalibi olub.
Turnirə mükafatlandırma mərasimi ilə yekun vurulub. Məhəmməd Hacıyev (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) “Ən yaxşı bombardir”, Ələddin Cəlalov (Ədliyyə Nazirliyi) “Ən yaxşı qapıçı”, Amil Atakişiyev (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi) isə “Ən yaxşı oyunçu” nominasiyasında təltif ediliblər. Sonda isə ilk üç yeri tutan komandalara müvafiq medallar və mükafatlar təqdim edilib.