Argentinalı əfsanəvi futbolçu Dieqo Armando Maradonanın 2020-ci ildəki vəfatı ilə bağlı aparılan istintaq çərçivəsində yeni şok məlumatlar üzə çıxıb.
"Olimpnews.az" xəbər verir ki, Buenos-Ayresdə yerləşən Olivos Klinikası Maradonanın son günlərini keçirdiyi müəssisə olaraq, hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir.
Səhər saatlarında həyata keçirilən əməliyyat nəticəsində klinikaya daxil olan polis qüvvələri Maradonanın tibbi qeydlərinə və digər sənədlərə əl qoyublar. Əməliyyat zamanı 300 tibbi sənəd və 500-dən çox e-poçt istintaq materiallarına əlavə edilib. Əldə olunan məlumatlar arasında məhkəməyə təqdim edilməmiş sübutların da olduğu bildirilir.
Əməliyyat çərçivəsində klinikanın məsul həkimi Xuan Molinos, müdiri Pablo Kastiello və klinikanın sahibi olan Sviss Medikal şirkətinin hüquqi nümayəndəsi Qabriel Ravinoviç ilə görüşlər keçirilib.
Xatırladaq ki, Maradona 2020-ci il noyabrın 25-də kəskin ağciyər ödemi səbəbilə vəfat edib.
Maradonanın ölümündə yeni şok detallar
