Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ rayonunun Bum qəsəbəsində atıcılıq klubunun inşası başa çatdırılan birinci mərhələsinin açılışında iştirak etmişdir.
Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Rasim Rzayev dövlətimizin başçısına məlumat verdi ki, Qəbələ atıcılıq klubunun layihəçisi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərinşaatlayihə" Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutudur. Tikintisinə ötən ilin iyun ayında başlanılan Qəbələ atıcılıq klubunun birinci mərhələsinin inşası tam başa çatdırılmışdır.
Bildirildi ki, 25 hektar dağlıq ərazidə klubun inzibati binası, atıcılıq yerləri üçün tirlər, atəş zonaları, təlim mərkəzləri, idman-ovçuluq ləvazimatı mağazası və yeməkxana inşa olunmuşdur. Klubun ərazisində abadlaşdırılma işləri aparılmış, yaşıllıq salınmış, müasir işıqlandırma sistemi, əlavə generator quraşdırılmış və qazanxana inşa olunmuşdur.
Klubun inzibati binasının foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Xüsusi memarlıq üslubunda inşa olunan binada qeydiyyat bölməsi, iclas və məşğələ otaqları, atəş zonasındakı nəticələri müşahidə etmək üçün xüsusi zal yaradılmışdır. Binada ayrıca tibb məntəqəsi də fəaliyyət göstərəcəkdir. Kluba gələnlər elektromobillərlə atəş zonasına daxil olacaqlar. Burada idman silahlarından istifadə etmək üçün xüsusi qaydalar da müəyyən edilmişdir. Atəş zonasında silahlar boşaldıldıqdan sonra təhvil alınacaqdır. Təhlükəsizliyin təmin olunması və yanğından mühafizə məqsədi ilə klubun ərazisində müşahidə kameraları və yanğından mühafizə məntəqələri yaradılmışdır. Atəş zonasında idmançılar saniyədə 15-42 metr sürətlə uçan hədəfləri nişan almalıdırlar. Bu məqsədlə ərazidə bir neçə uçan hədəf aparatları yerləşdirilmişdir.
Prezident İlham Əliyev idman silahı ilə uçan hədəflərə bir neçə sərrast atəş açdı.
Qeyd edildi ki, klubda atıcılıq idmanın daha çox yayılan və Olimpiya oyunlarına daxil edilən stend atıcılığına da xüsusi yer ayrılmışdır. Klubun ərazisində Olimpiya yarışlarında bütün texniki invertarlarla təchiz olunan sahə də yaradılmışdır. Burada yarışların izlənilməsi üçün ayrıca tamaşaçı bölməsi qurulmuş, nəticələri qeydə alan elektron tablo yerləşdirilmişdir. Bundan əlavə, klubun ərazisində 1200 kvadratmetr sahədə 10 metrlik, 3 min kvadratmetr sahədə isə 25 metrlik tirlər quraşdırılmışdır. Burada uşaq və yeniyetmələr üçün tədris mərkəzi də yaradılmışdır. Ümumilikdə 300 kvadratmetr sahədə silah anbarı, 4,5 hektar ərazidə beş dairəvi və səngər stend atıcılığı meydançası, 4 min kvadratmetr sahədə səkkiz meydança inşa edilmişdir. Dairəvi və səngər stend atıcılığı meydançalarının və tirlərin avadanlığı Fransadan və İsveçrədən, elektron tablo isə İtaliyadan gətirilmişdir. Burada idman-ovçuluq ləvazimatı mağazasının fəaliyyət göstərməsi klubun özəlliklərindən biridir. Mağazada atıcılıq idmanında tətbiq olunan ən son texniki avadanlıq, idman silahları, geyim növləri və digər vasitələr satışa çıxarılacaqdır. Klubda, eyni zamanda, balıqçılıqla maraqlananların da istəkləri nəzərə alınmışdır.
Diqqətə çatdırıldı ki, ümumilikdə növbəti mərhələdə görüləcək işlər nəticəsində klubun ərazisində 45 atıcılıq yeri üçün 50 və 25 metrlik, 30 atıcılıq yeri üçün 10 metrlik tirlər, səkkiz dairəvi səngər, yeddi meydança, 25-50 metr məsafələrdə ox atmaq üçün sahə, elektromobilləri yükləmək və saxlamaq üçün otaq və sahə, istirahət məkanları tam şəkildə istifadəyə veriləcəkdir.
Prezident İlham Əliyev Qəbələ atıcılıq klubunun inşası başa çatdırılan birinci mərhələsində görülən işlərdən razılığını bildirdi, sonrakı mərhələdə həyata keçiriləcək tədbirlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verdi.