Fevralın 8-də Soçi şəhərində XXII Qış Olimpiya Oyunları çərçivəsində "Bakı-2015” I Avropa Oyunları ilə bağlı brifinq keçirilib.
Brifinqdə Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki, Azərbaycanın gənclər və idman naziri, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş direktoru Azad Rəhimov və AOK-un Əlaqələndirmə Komitəsinin sədri Spiros Kapralos çıxış ediblər.
AOK-un prezidenti Patrik Hikki mətbuat konfransını açaraq Bakıda birinci Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə görüldüyünü diqqətə çatdırmışdır. Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən danışan Patrik Hikki birinci Avropa Oyunlarına hazırlıq işlərinin dövlətimizin başçısının nəzarəti altında aparıldığını vurğulamışdır. O, birinci Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirmişdir.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov birinci Avropa Oyunlarına hazırlıq işlərinin sürətlə aparıldığını vurğulamış və dörd idman qurğusunun inşa edildiyini diqqətə çatdırmışdır. A.Rəhimov demişdir ki, hazırda Bakıda Olimpiya stadionunun, Su İdman Sarayının tikintisi davam edir. Bildirilmişdir ki, Gimnastika Mərkəzi bu yaxınlarda istifadəyə veriləcəkdir.
Nazir nəqliyyat, idmançıların yerləşdirilməsi, iştirakçı ölkələrin nümayəndə heyətlərinin təhlükəsizliyinin təmin edilməsi, yarışların təşkili və digər məsələlərlə bağlı genişmiqyaslı işlərin görüldüyünü qeyd etmişdir.
Sonra jurnalistlərin birinci Avropa Oyunlarında 2016-cı ildə Rio de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına lisenziya verilməsi, növbəti Avropa Oyunlarına ev sahibliyi edəcək ölkə, "Bakı-2015”ə hazırlıq prosesində könüllülərin iştirakı məsələləri barədə sualları cavablandırılmışdır.
Jurnalistlərin suallarını cavablandıran P.Hikki demişdir ki, Bakıdan sonra ikinci Avropa Oyunlarını qəbul edəcək şəhərin adı Avropa Olimpiya Komitəsinin Azərbaycan paytaxtında keçiriləcək növbəti Assambleyasında məlum olacaqdır. AOK prezidenti, həmçinin qeyd etmişdir ki, idmanın 18 növü üzrə 49 Avropa ölkəsindən olan 5400-dən artıq atleti bir araya gətirəcək Avropa Oyunları "Rio-2016” Olimpiya Oyunları üçün lisenziya tədbirinə çevriləcəkdir. Patrik Hikki demişdir: Əminəm ki, Bakı Avropanın qürur duyacağı ali idman tədbirini ən yüksək səviyyədə təşkil edəcəkdir.