Hakan Çalhanoğlu "od püskürdü": "İnter"in prezidenti kapitanı cavabını

Hakan Çalhanoğlu "od püskürdü": "İnter"in prezidenti və kapitanı cavabını

"Çempionlar Liqasının finalında zədə aldıqdan sonra qərara alındı ki, mən klublararası dünya çempionatına gedəcəyəm. Yarışda fiziki cəhətdən oynamaq imkanının olmadığını bilsəm də, mənim üçün komandanın düşərgəsində yer almaq vacib idi".
Olimpnews.az Offsideplus.az-a istinadən xəbər verir ki, bu sözləri İtaliyanın "İnter" klubunun üzvü Hakan Çalhanoğlu deyib.
Onun komandası klublararası dünya çempionatının 1/8 finalında sensasiyalı şəkildə "Fluminense"yə məğlub olaraq (0:2) mübarizəni dayandırıb. Bundan sonra "İnter"in prezidenti Cüzeppe Moratta və kapitan Lautaro Martines türk futbolçunu tənqid atəşinə tutub, dolayısı ilə onu bilərəkdən zədələnməkdə, məsuliyyətdən boyun qaçırmaqda günahlandırıblar.
Çalhanoğlunun cavabı yubanmayıb: "ABŞ-da məşq zamanı daha bir zədə aldım. Bax məhz buna görə meydançaya çıxa bilmədim. Başqa səbəb axtarmağa gərək yoxdur. Dünən biz məğlub olduq. Bu, çox ağrılıdır. Mən təkcə futbolçu kimi yox, bu komandaya can yandıran bir insan kimi məyus oldum. Final fitindən sonra bir neçə komanda yoldaşıma zəng vurdum, onlara dəstək oldum. Ancaq bundan sonra deyilən sözlər mənə çox pis təsir göstərdi. Kobud sözlər... O sözlər ki ayırır, birləşdirmir. Bütün karyera ərzində heç vaxt özümə bəraət qazandırmamışam. Həmişə məsuliyyəti öz üzərimə götürmüşəm. Ağrılarım olsa da, oynamışam. Çətin dövrlərdə hamının güvənə biləcəyi şəxsə çevrilmişəm. Meydanda və ondan kənarda ətrafımdakılara hörmət bəsləmişəm. Heç vaxt klubuma xəyanət etməmişəm. Heç vaxt deməmişəm ki, "İnter"də xoşbəxt deyiləm. Mənə cəlbedici təkliflər göndərirdilər, lakin burada qalmağı seçdim. Çünki daşıdığım formanın dəyərini bilirəm. Və bunu əməllərimlə dəfələrlə göstərmişəm".
O, Lautaro Martinesə işarə edərək belə davam edib: "Mənə Türkiyə yığmasında kapitan sarğısını daşımaq şərəfi nail olub. Bilirəm ki, kapitanlıq çətin vaxtlarda barmaqla ona-buna əmr vermək yox, həmişə komandaya dəstək göstərməkdir. Mən futbolu, "İnter"i sevirəm. Görək gələcəkdə necə olacaq. Ancaq tarixdə bərk qışqıranlar deyil, qürurla yerində duranlar qalır".