Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə keçirilən şose velosipedi üzrə ölkə çempionatına yekun vurulub.
Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, müxtəlif yaş qrupları üzrə 100-dən artıq idmançının mübarizə apardığı yarışın sonuncu günündə gənc oğlanlar və Elit/U-23 yaş qrupunda olan kişilər 110 km məsafəyə qrup ötüşməsində ən güclüləri müəyyən ediblər.
Gənc oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin idmançısı Artyom Proskuryakov hamıdan güclü olub. Onun komanda yoldaşı Əli Baxşıyev finiş xəttini 3-cü keçib. Gümüş medalı “Elçin Əsədov Velosiped Məktəbi”nin yetirməsi Süleyman Ələkbərov əldə edib.
Elit/U-23 yaş qrupunda “Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyinin üzvü Musa Mikayılzadə fərdi ötüşmədə olduğu kimi, qrup ötüşməsində də Azərbaycan çempionu olub. Gümüş və bürünc medalları isə Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri Tural İsrafilov və Nofəl Nuriyev qazanıblar.
Şose velosipedi üzrə ölkə çempionları müəyyənləşib
