Qarabağın mədəni və elmi həyatında daha bir əlamətdar hadisə yaşanıb. Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) Yeni Azərbaycan Partiyası ilə birgə “Zəfərimizin izi ilə” devizi altında Konstitusiya və Suverenlik İli çərçivəsində təşkil etdiyi növbəti səfər Xankəndi, Şuşa və Laçın şəhərlərini əhatə edib.
Olimpnews.az xəbər verir ki, səfər çərçivəsində ilk dayanacaq Xankəndi şəhərində yerləşən Qarabağ Universiteti olub. TAİB-in sədr müavini Eyvaz Hünbətovun rəhbərlik etdiyi nümayəndə heyəti burada universitetin quruculuq işləri ilə tanış olub. Görüş zamanı pedaqogika üzrə elmlər doktoru, professor, yazıçı-publisist, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Prezidentin fərdi təqaüdçüsü Dilqəm Quliyev müəllifi olduğu “Qarabağın idman tarixi” adlı elmi-publisistik nəşrini Qarabağ Universitetinin rektoru, iqtisad üzrə fəlsəfə doktoru Şahin Bayramova təqdim edib.
Səfərin növbəti ünvanı Azərbaycanın musiqi və mədəniyyət beşiyi sayılan, “Qafqazın konservatoriyası” kimi tanınan Şuşa şəhəri olub. Burada TAİB tərəfindən Cıdır düzündə möhtəşəm tədbir keçirilib. Tədbirdə professor Dilqəm Quliyevə Türk Ağsaqqalları İctimai Birliyinin vəsiqəsi təqdim olunub.
Ziyarət çərçivəsində nümayəndə heyəti Şuşa qalası, İsa Bulağı, Yuxarı Gövhər ağa məscidi kimi şəhərin simvoluna çevrilmiş tarixi və mədəni abidələri də ziyarət edib.
Səfərin son mərhələsi isə təbiəti və qədim abidələri ilə seçilən Laçın şəhərinə olub. Qonaqlar Laçının şəhər mərkəzi və ətraf əraziləri ilə tanış olaraq, bölgənin dirçələn simasına şahidlik ediblər.
Son illərdə Ağdam, Şuşa, Zəngilan, Xocalı, Əsgəran, Xankəndi, Laçın və Cəbrayıl kimi şəhərlərə reallaşan bu kimi səfərlər artıq müsbət demokratik ənənəyə çevrilib. Belə təşəbbüslər təkcə ictimai həmrəyliyin və milli birliyin güclənməsinə deyil, eyni zamanda Qarabağın intellektual və elmi potensialının inkişafına xidmət edir.