UFC üzrə ikiqat çempion irlandiyalı Konor Makqreqor öz həmvətənlərinə İrlandiya konstitusiyasının ölkə prezidentinin seçilməsi ilə bağlı müddəasını dəyişdirməyi təklif edən petisiya imzalamağa çağırıb.
"Mənim həmvətənlərim və İrlandiya diasporunun nümayəndələri, İrlandiya prezidentliyinə namizədliyimi irəli sürmək niyyətimi elan etməkdən məmnunam. Bununla belə, qeyd etməliyəm ki, mövcud konstitusiya demokratik iştirak üçün əhəmiyyətli maneələr yaradır. Mövcud qaydalara əsasən, seçilmək hüququna malik olmaq üçün namizəd ya 20 deputatın dəstəyini almalıdır, yaxud bu sistemdə dörd Şura üzvü olmalıdır. Ona görə də namizədin irəli sürülməsi prosesinə dəyişiklik edilməsi ilə bağlı petisiyaya start verməyi təklif edirəm. Məqsədim seçki bülletenində adımın olmasıdır. Hesab edirəm ki, İrlandiya vətəndaşları həm ölkə daxilində, həm də xaricdə prezident seçkilərində iştirak edəcək namizədləri sərbəst seçə bilməlidirlər. Odur ki, sizdən xahiş edirəm ki, bu petisiyanı imzalamaqla mənə qoşulun. Sizin dəstəyiniz seçki prosesinin daha əhatəli və demokratik olmasına kömək edəcək. Bu, İrlandiya xalqına öz gələcəklərini müəyyən etmək imkanı verəcək”, - deyə Makqreqor X sosial şəbəkəsində paylaşım edib.