Azərbaycanın karate üzrə yığma komandası fevral ayının 8-dən 10-dək Türkiyənin Konya şəhərində keçirilmiş 40-cı Avropa çempionatında iştirak edib. Yığma komandaya qızıl medalı gənclər arasında -21 yaşa qədər idmançılar arasında çıxış edən Tural Ağalarzadə (-68 kq) qazandırıb. Aytac Əliyeva (-54 kq) isə 14-15 yaşlılar arasında finalda macarıstanlı idmançıya məğlub olaraq gümüş medal əldə edib. Eyni yaş kateqoriyasında üçüncü yeri Ülvi Qurbanov (-52 kq) və Vəli Vəliyev (+70 kq) tutublar.
16-17 yaşlılar arasında üçüncü yerlərə Nicat Abbasov (-61 kq) və Sərxan Quluzadə (+76 kq) layiq görülüblər. Daha bir bürünc medalı gənclər arasında -21 yaşa qədər yaş kateqoriyasında çıxış edən Asiman Qurbanlı (+78 kq) qazanıb.
Beləliklə, Azərbaycanın yığma komandası 1 qızıl, 1 gümüş və 5 bürünc medalla ümumi komanda hesabında yeddinci yeri tutub. Qeyd edək ki, Avropa Çempionatında qitənin 44 ölkəsinin 828 idmançısı iştirak edib.