“Baku Fires”yenə də döyüşdə

“Baku Fires”yenə də döyüşdə

Ümumdünya Boks Seriyasının (WSB) 9-cu turunun matçında Azərbaycanın "Baku Fires" klubu Meksikada yerli "Mexico Guerreros" komandasının qonağı olub. Azərbaycan klubu artıq pley-off mərhələsində yerini təmin etdiyindən baş məşqçi Nuripaşa Talibov Meksikaya əsas heyəti aparmayıb. Komandamızın digər boksçuları həmin vaxt Polşada yerli klubla növbəti görüşə və 1/4 final qarşılaşmasına hazırlaşıblar. Matç "Mexico Guerreros” klubunun 5:0 hesablı qələbəsi ilə başa çatıb.

"Baku Fires" növbəti görüşünü martın 3-də səfərdə Poland Hussars komandasına qarşı keçirəcək.

Baku Fires 9 görüşdən 24 xal toplayaraq, A qrupunun vahid lideridir. Polşalılar 13 xalla qrupda 3-cü yeri tutur. Komandaların heyətləri artıq məlumdur:
"Hussars Poland”- "Baku Fires”
54 kq. Silvester Kozlovski (Polşa) - Elvin Məmişzadə (Azərbaycan)
61 kq. Adil Aslanov (Polşa) - Məhəmmədəli Ukayev (Azərbaycan)
73 kq. İreneuş Zakrzevski (Polşa) - Nikolay Veselov (Belarus)
85 kq. Mixal Qerleçki (Polşa) - Ramazan Məhəmmədov (Azərbaycan)
+91 kq. Mateuş Malujda (Polşa) - Abdulqadir Abdullayev (Azərbaycan)


Bakıda keçirilmiş görüşdə komandamız Polşa klubunu 5:0 hesabı ilə məğlub etmişdi. Həmin matçın iştirakçılarından komandamızın heyətində Veselov və Məhəmmədov səfərdə də rinqə çıxacaqlar. "Hussars Poland”ın hazırki heyətində isə "Sərhədçi"də döyüşənlərdən yalnız Kozlovski öz bacarığını nümayiş etdirəcək. Onun rəqibi Avropa çempionatının gümüş mükafatçısı, London Olimpiadasının iştirakçısı Elvin Məmişzadə olacaq. Bu həmyerlimizin WSB liqasında ikinci döyüşü olacaq. O, ilk qarşılaşmada rusiyalı Vyaçeslav Taşkarakovu məğlub etmişdi. Kozlovski isə bu mövsüm keçirdiyi 2 döyüşdə uduzub.
Polşa komandasında Zakrzevski liqada debüt edəcək. Onun rəqibi komandamızın ən güclü boksçularından olan Nikolay Veselov olacaq.
Ötən çempionatda WSB liqasının fərdi yarışlarının qalibi olmuş Ramazan Məhəmmədov Mixal Qerleçkinin müqavimətini qırmağa çalışacaq.
B qrupunda "Astana Arlans” 21 xalla vahid liderdir. Italiya klubu 19 xalla 2-ci, Britaniya komandası isə 15 xalla 3-cü pillədədir. Ukrayna komandası 14 xal yığaraq, 4-cü yeri tutur.
Bu həftə A qrupunda daha iki görüş keçiriləcək. Martın 1-də Rusiya komandası Permdə Mexico Guerrerosu qəbul edəcək. Martın 6-da Argentina Condors doğma divarlar arasında Desert Hawks komandası ilə qarşılaşacaq.
Baku Fires-in 1/4 finaldakı rəqibi də artıq məlumdur. Ukraine Otamans ötən tur ABŞ-da yerli komanda ilə qarşılaşmalı idi. Ancaq ukraynalılar viza problemunu həll edə bilmədiklərindən okeanın o tayına yollana bilməyiblər. Nəticədə, Kiyev klubuna məğlubiyyət verilib. Bu isə Ukraine Otamans-ın qrupda 4-cü yeri tutması ilə yekunlaşıb. Ukrayna təmsilçisi bu həftə səfərdə Britaniya klubunun qonağı olacaq.

Turnir cədvəli:
1. "Baku Fires” - 24 (9 görüş)
2. "Mexico Guerreros” - 19 (9)
3. "Poland Hussars” - 13 (8)
4. "Argentina Condors” - 9 (8)
5. "Desert Hawks” - 9 (9)
6. Rusiya - 4 (7)