“Araz" idman klubunun təmsilçiləri “Marsey” festivalında

“Araz" idman klubunun təmsilçiləri “Marsey” festivalında

Rusiyanın Dmitrov şəhərində döyüş növləri üzrə "Marsey" festivalı keçirilib. Festivalda 10 döyüş növü üzrə nümunəvi çıxışlar nümayiş etdirilib, həmçinin idmançılar yarışda öz güclərini sınayıblar. Ölkəmiz bu festivala 11 idmançı ilə qoşulub. Onlardan 6-sı "Araz" idman klubunu, 5-i isə Goranboy rayonunu təmsil edib. Yüksək döyüş bacarığı nümayiş etdirən təmsilçilərimiz Rusiya komandasına 9:6 hesabı ilə qalib gəliblər.
Zahid Ağaverdiyev (11 yaş, 45 kq), Peyman Gülməmmədov (12 yaş, 40 kq), Anar Kərimli (14 yaş, 60 kq), Turan Qulamzadə (+18 yaş, 60 kq) və Akif Əsədov (+18 yaş, 65 kq) birinci yerə layiq görülüblər. "Araz" idman klubunun məşqçiləri Süleyman Sabir və Səyavuş Bayramov festivalda nümunəvi çıxışlar ediblər.
Səyavuş Bayramovun sözlərinə görə, yarış çox yüksək səviyyədə təşkil olunub. "Komandamız "Marsey" festivalında yüksək nəticə əldə etdi. Sevindirici haldır ki, bu yarışda ölkəmizi bölgə idmançıları da təmsil edirdilər. Goranboylu karateçilər Zülfüqar müəllimin rəhbərliyi altında mübarizə apardılar. Ümumi nəticə bizim üçün uğurlu oldu. Onu da deyim ki, festival "Marsey" idman klubu tərəfindən təşkil edilmişdi. Klubun rəhbərləri Seyran Hüseynov, Əhməd Rüstəmov və Qalib Ağayev bizə çox xoş münasibət göstərdilər. Seyran müəllim bizim asudə vaxtımızın səmərəli keçməsi üçün əlindən gələni əsirgəmədi. "Marsey" televiziyası idmançılarımız haqqında geniş bir reportaj hazırladı. Qarşıda "Araz" idman klubunu bir sıra yarışlar gözləyir. Belə ki, mart ayının 15-17-də respublika çempionatında iştirak edəcəyik. Aprel ayında isə Ukraynanın Xarkov şəhərində çoxmübarizlik idman növləri üzrə dünya çempionatı keçiriləcək. İdmançılarımız həmin yarışda da öz güclərini sınayacaqlar", - deyə o əlavə etdi.
"Araz" idman klubunun baş məşqçisi Süleyman Sabir də "Marsey" festivalının yüksək şəkildə təşkil olunduğunu bildirdi. Baş məşqçinin sözlərinə görə, belə yarışlar idmançıların təcrübə qazanmasında əhəmiyyətli rol oynayır.