Tallinndə Bakı-2015 Oyunlarına hazırlıq işləri yüksək qiymətləndirildi

Tallinndə Bakı-2015 Oyunlarına hazırlıq işləri yüksək qiymətləndirildi



Tallinndə Avropa Velosipedçilər İttifaqının (UEC) ildə bir dəfə keçirilən Baş Assambleyasının iclası keçirilib.
Tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) vitse-prezidenti Sahib Ələkbərov və baş katib Fərhad Əliyev də iştirak ediblər.
İclasda çıxış edən Avropa Velosipedçilər İttifaqının prezidenti David Lappartien gündəlikdə duran məsələlər barədə məlumat verib. O, çıxışında gələn il Azərbaycanın ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarına xüsusi yer ayıraraq "Bakı-2015”ə hazırlıq işlərini yüksək qiymətləndirib. D.Lappartien Avropa Oyunların yüksək səviyyədə təşkil ediləcəyinə inandığını bildirib.
AVİF-nin vitse-prezidenti Sahib Ələkbərov UEC və bir sıra ölkələrin federasiyalarının rəsmiləri ilə fikir mübadiləsi aparmış və ölkəmizdə idmanın bu növünün inkişafı istiqamətində görülən işlər barədə məlumat vermişdir. Federasiya rəsmisi bu istiqamətdə dövlətin dəstəyini həmişə hiss etdiklərini xüsusi vurğulamış və "Bakı-2015”in unudulmaz idman bayramı olacağını qeyd etmişdir.
Qeyd edək ki, Birinci Avropa Oyunlarının proqramına idmanın velosiped növünün üç növü – şose, BMX və mountenbayk daxildir.