Ulu öndərin xatirəsinə beynəlxalq kubok keçiriləcək

Ulu öndərin xatirəsinə beynəlxalq kubok keçiriləcək

Fevralın sonlarında Azərbaycanın Səmti Müəyyən Etmə İdman Federasiyasının (SMEİF) idmançıları Türkiyənin Antaliya şəhəri ətrafında (Manavqat və Side bölgələrində) keçirilən Aralıq dənizi ölkələrinin beynəlxalq çempionatında iştirak ediblər. Federasiyadan daxil olan məlumata görə, dörd gün davam edən bu yarışlarda regionun 25 ölkəsindən 1600 idmançı iştirak edib. Yarışlarda ölkəmizi Federasiyanın prezidenti Mirəli Kazımov, Azərbaycan çempionu, idman ustası Natalya Əliyeva, Yana Maşkova («Dağçılıq» klubu) və Serqan Abasov təmsil ediblər.
Bu, ölkəmizin son 25 il ərzində yüksək səviyyəli beynəlxalq yarışda ilk iştirakıdır. Azərbaycan idmançıları Antalyadakı çoxgünlük yarışlarda 2 gün, xüsusilə də yarışın 1-ci günü orta məsafədə qaçışda və çempionatın 2-ci günündə sprintdə iştirak ediblər.
Natalya Əliyeva özünü qadınlar arasında keçirilən ən çətin Q-21 (Elita) kateqoriyasında sınayıb. Həmin kateqoriyanın mükafatı üçün regionun ən yaxşı 85 qadın idmançısı mübarizə aparıb. Digər təmsilçimiz Mirəli Kazımov öz yaş kateqoriyasına görə M-35 məsafəsində çıxış edib, Yana Maşkova və Serqan Abasov isə Open (beynəlxalq yarışlarda iştirak təcrübəsinə malik olmayan idmançılar üçün nəzərdə tutulmuş kateqoriya) dərəcəli məsafədə iştirak ediblər.
İdmançılarımızdan Yana Maşkova iki günün nəticələrinə görə öz məsafəsi üzrə 1-ci yeri tutub. Federasiyanın prezidenti Mirəli Kazımov isə yarışın iki günü üzrə M-35 kateqoriyasının bütün iştirakçıları arasında 4-cü yeri tutub.
Qeyd etmək lazımdır ki, M.Kazımov idmançılarına mükafatların təqdim edilməsində iştirak edib.
Yarışlarda iştirakla yanaşı, Mirəli Kazımov Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasının (BSMEF) və müxtəlif ölkələrin milli federasiya nümayəndələri ilə çoxsaylı görüşlər keçirib. BSMEF-in vitse-prezidenti Astrid Valer Kas son zamanlar Azərbaycan səmti müəyyən etmə idmanında baş vermiş dəyişiklikləri yüksək qiymətləndirib. Xanım Kas BSMEF-in rəhbərliyinin beynəlxalq federasiyanın rəyasət heyətinin iclaslarından birinin Bakı şəhərində keçirilməsi perspektivi ilə maraqlanıb.
Mirəli Kazımov BSMEİF-in Avropa ölkələri üzrə departamentin sədri Sercio Qrifoni, Latın Amerika qitəsinin ölkələri üzrə departamentin sədri Jose Angel Nieto Poblete ilə də görüşüb.
Türkiyə SMEF-in prezidenti T.Çolakoğlu ilə görüş zamanı isə Azərbaycan ərazisində keçirilən yarışlarda türk idmançılarının iştirakı, eləcə də Azərbaycanda məsafələrin düzülüşü üzrə milli nəzarətçi-inspektorların, həmçinin elektron qeyd olunma sisteminin tətbiqi ilə yarışların keçirilməsi üçün milli hakimlərin hazırlanması məqsədilə treninqlərin keçirilməsində köməyin göstərilməsi barədə razılıqlar əldə olunub.
Yarışların sonunda Türkiyə SMEF adından BSMEF nümayəndələrinin və çempionatın iştirakçılarının şərəfinə verilmiş ziyafətdə Azərbaycanda səmti müəyyən etmə idman növünün hazırkı vəziyyəti və inkişafı perspektivləri müzakirə edilib. M.Kazımov bu il may ayının 10-12-də Nabranda (Yalama qəsəbəsi) keçiriləcək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adına səmti müəyyən etmə idmanı üzrə birinci beynəlxalq kubok yarışına hazırlıqlar haqqında məlumat verib və xarici idmançıları bu yarışda iştirak etmək üçün dəvət edib. Təklif görüş iştirakçıları tərəfindən maraqla qarşılanıb.