Vətənpərvərlik hissi insanları birləşdirir, mübarizliyə səsləyir

Vətənpərvərlik hissi insanları birləşdirir, mübarizliyə səsləyir


İnsanın ləyaqəti onun vətənpərvərliyinin gücü ilə ölçülür.
N.Q. Çernışevski

Vətən kəlməsi böyük və geniş bir məna kəsb edir. Bu sözün məzmunu, qayəsi həm yüksək, həm də hikmətlidir.
Hər birimiz ana dedikdə vətəni, vətən dedikdə anamızı düşünürük. Vətən bizə anamız qədər doğma, anamız qədər əzizdir. Ana müqəddəsliyi isə vətənin müqəddəsliyi, ucalığı ilə vəhdət təşkil edir.
Bizim hər birimizin bir vətəni var. Bu, Azərbaycandır. Bu vətənin hər bir daşı bizim üçün doğmadır. Biz bu vətənin xoşbəxt vətəndaşlarıyıq. Tanrının bizə bəxş etdiyi bu diyarda nələr yoxdur ki? Azərbaycan gözəlliklər məskənidir. Laləli çölləri, zirvəsi ağ örpəkli, ətəyi yaşıl meşəli dağları, coşqun çayları, füruzə qaşlı üzüyə bənzər gölləri, diş göynədən bulaqları var bu vətənin.
Qədim və şanlı tarixi olan odlar yurdu Azərbaycan öz təbii və mənəvi sərvətləri ilə həmişə zəngin olub. Onun bitib-tükənməyən "qara qızıl”ı, kəhrəba buğdası, dadlı-ləzzətli meyvələri, sərin, şəfalı yaylaqları hamını heyrətə gətirir. Neçə-neçə xalqın görkəmli elm və sənət xadimləri yurdumuzu qarış-qarış gəzərək, bu möcüzələr diyarının gözəlliklərinə vurğun olub, əsrlər boyu onu ürək və ilhamla tərənnüm ediblər.
Şairlərimiz də öz şeirlərində də buna biganə qalmayıb, vətənin gözəlliyini vəsf ediblər. Yaranan hər bir sənət əsərində vətənini füsunkarlığı diqqətdən kənarda qalmayıb.



Qarabağ uğrunda canını fəda edənlər də bu vətənin övladları idi


Vətəni sevməklə biz onun üçün canımızı və qanımızı fəda etməyə hazır olmalıyıq. Vətən bizim ən müqəddəq yerimiz, səcdəgahımızdır. Onu qorumaq da məhz biz vətəndaşların ən başlıca məqsədi və borcu sayılır. Bu, tarixən belə olub. Azərbaycan xalqının igid oğullarından Cavanşirin, Babəkin, Koroğlunun yadelli işğalçılara qarşı mübarizəsi vətənə məhəbbətin, yurd sevgisinin bariz nümunəsidir. Qarabağ uğrunda gedən döyüşlər də vətənin bütövlüyü naminə aparılıb. Vətənin bir hissəsi olan Qarabağ üçün canını fəda edənlər də bu vətənin övladları idi. Onlar bu qanlı döyüşlərdə iştirak etməklə, sübut etdilər ki, vətən yolunda canlarını qurban verməyə, onun uğrunda ölümə getməyə hazırdırlar. Vətən uğrunda neçə-neçə igid oğul və qızlarımız canlarından keçdilər. Bununla onlar sübut etdilər ki, vətən varsa, yaşamaq da var. Vətən yoxdursa, nə yaşamağın, nə də yaratmağın mənası yoxdur. Üzərində gəzdiyin, suyunu içdiyin və çörəyini yediyin vətəni sevirsənsə, deməli, torpağı sevirsən. Bir sözlə, vətənə məhəbbət xalqa, torpağa məhəbbətin təməlində durur. Vətənə məhəbbət, vətənpərvərlik haqqında danışarkən ölməz şairimiz Səməd Vurğunun bu sözləri yada düşür: "Mənsub olduğu xalqın varlığı ilə fəxr etməyən, onun eşqini müqəddəs bir məşəl kimi öz qəlbində yandırmayan bir insan öz vətəndaşlıq hissini dərk edə bilməz, ona vətənpərvər demək də gülünc olar. "Vətən müqəddəsdir, pakdır, ülvidir. Vətən ana südü qədər şirin, ana qucağı tək isti, ana nəfəsi kimi doğmadır, əzizdir.
Canımızdan əziz olan vətənimiz şanlı tarixi və əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edib, öyünüb. Tariximiz sübut edib ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bu xalq öz vətənini daima qorumağa hazır olan mətin gənclər yetişdirib. Məhz bu baxımdan, erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında canlarını düşmən gülləsinə sipər edən qəhrəman gənclərimizin ibrətamiz həyatı, şəxsi nümunəsi hərbi-vətənpərvərlik tərbiyəsi işində ön plana keçib. Müstəqil dövlətdə yaşayan hər bir gənc, ilk növbədə, bu dövlətin müstəqilliyinin təmin olunması və qorunmasını özünün əsas vəzifəsi və məqsədi hesab etməlidir.
Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən və digər amillərdən asılıdır. Çünki dövlətin gələcəyi onun gəncliyinin çiyni üzərində qurulur. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin məsuliyyətli məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra gənc nəslin üzərinə daha böyük məsuliyyət düşüb. Müstəqilliyin əldə edilməsində, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb-yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu mənada, gənclərin çiyinlərinə böyük yük düşür. Çünki gənclər dövlətin həm bu günü, həm də sabahıdır.
Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də vətən övladları - gənclərdir.



Vətənpərvər övladlarımızın sayı yetərincədir


Vətənin əsrarəngizliyini kənardan bir mənalı qəbul edən, onu həzm etməyənlər də olmayıb. Ölkəmizə pis niyyətlə yanaşan, onun paxıllığını çəkən kənar qüvvələr yetərincədir. Digərlərinin özü kimi təmiz və qonaqpərvər sayan xalqımız mənfurların və yadellilərin iç üzünü yaxşı tanıyır. Xalqımızın kin-küdurətsiz saf qəlbi həmişə başımıza bəla olmuş, çox vaxt dost dediyimiz kəslərdə naxələflik görmüşük. Təəssüf ki, çörəyimizi yeyən, suyumuzu içən, üzdə özünü dost kimi göstərib daxildə xalqımıza qənim kəsilən alçaq xislətli erməniləri tanımamış, onların xəbis niyyətlərindən xəbər tutmamışıq. Nəticədə, Qarabağ kimi böyük bir məkanın dilbər guşələri bu günə qədər tapdaq altında qalıb. Lakin bu, hələ son deyil. Tarixin hər bir dövründə qəhrəman oğulları, qeyrətli qızları olan bir xalq özünü bütün dünyada sübut edib. Rəşadət göstərən xalqımız yağı düşmən qarşısında nə sınıb, nə də əyilib.
Qeyrətli və mərd Azərbaycan xalqının cəsarətli övladları daim olub və olacaq. Vətənpərvər övladlarımızın sayı yetərincədir. Onlar bu gün də vətənin bütövlüyünün necə böyük əhəmiyyət kəsb etdiyini yaxşı başa düşürlər. Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə vətənə, millətə sevgi hissini, müxtəlif səviyyə və istiqamətlərdə vətənə, millətə xidmət etməyi birləşdirirsə, bunların zirvəsində vətən üçün ölümə hazır olmaq dayanır. Bu, vətənpərvərliyin ən uca və ali formasıdır. Bəşər övladı vətənə xidmət etməyin bundan uca zirvəsini kəşf etməyib. Azərbaycan gəncliyi məhz vətənpərvərliyin ən uca zirvəsində dayanır.
Biz bu vətənin övladlarıyıq və ürəkdən inanırıq ki, çox tezliklə torpaqlarımız yağı əsarətindən xilas ediləcək, düşmən üzərində qələbə qazanılacaq. Bu qələbədə gənclərimizin də payı olacaq. Gənclər vətən borcunu bu gün oxumaqla, sabah isə müstəqil Azərbaycan ordusunda xidmət etməklə, iqtisadiyyatın və mədəni-siyasi həyatın müxtəlif sahələrində çalışmaqla verəcək. Bu, biz gənclərin şərəfli işi, vətəndaşlıq borcudur. Vətən bizə güvənir və bizdən hünər gözləyir.



Vətənin maddi və mənəvi sərvətlərini qorumaq üçün mübariz əhval-ruhiyyədə olmaq lazımdır


Vətənpərvərlik məsələsi cəmiyyətdə daim aktual olub, bu gün də aktual olaraq qalır. "Millətin vətənpərvərliyi onun tamlığının, bütövlüyünün təməlidir”, - desək, bəlkə də, səhv etmərik. Bir xalqın, millətin vətənpərvərlik şüuru onun digər xalqlar və millətlər tərəfindən qəbul edilməsi, tanınması, hörmətlə qarşılanması, ən əsası isə, xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı, suverenliyi ilə ölçülür.
Vətənə məhəbbət hissi gənclərin dövlət dilinə, milli musiqiyə, folklora, mənsub olduğu dini dəyərlərə, tarixi ənənələrə bağlılığında, ölkə ərazisinin bütövlüyünün qorunmasına hazır olduğunu əməli işlə sübut etməyində öz təzahürünü tapmalıdır. Vətənin tərəqqisi naminə çalışmaq üçün gənclərin müəyyən sənətə, peşəyə sahib olması, dövlət quruculuğunda fəal iştirak etməsi, yüksək peşəkarlığa, təhsilə və elmə yiyələnməsi, geniş dünyagörüşünə malik olması, əməyi sevməsi, onunla məşğul olması və təşəbbüskarlığı da vacibdir. Vətənin maddi və mənəvi sərvətlərini qorumaq, iqtisadi qüdrətinin yüksəlməsinə nail olmaq, həmişə mübariz əhval-ruhiyyədə olmaq lazımdır.
İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə-obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətindən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə vətəni sevməklə ölçülmür. Vətənpərvərlik həm də vətən naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, xalqın hər bir uğurunda pay sahibi olmaq deməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi, tərbiyəyə möhtacdır və o, tərbiyə yolu ilə daha da möhkəmlənir, güclənir.


Birləşməyi bacarmayan cəmiyyət millət ola bilməz

Vətənin qədrini onu sevənlər bilər. Biz bir millət kimi Vətənin hər qarışını əziz və doma biliriksə, deməli biz xoşbəxt millətik. Bəs millət nədir, millət necə formalaşır?
"Millət insanların özündə ictimai inkişafın xüsusi formasını əks etdirən, iqtisadi və siyasi həyatın ümumiliyi,vahid dövlət, ərazi, dil, mədəniyyət, psixologiya, məişət, milli şüur və milli xarakter zəminində təşəkkül tapan sabit birliyidir”
Bu tərifdə, demək olar ki, millət anlamını xarakterizə edən əsas məqamlar cəmləşib.
Dahilərdən biri isə millət barədə deyib:
"Birləşməyi bacarmayan cəmiyyət millət ola bilməz, olsa-olsa qaraçı yığını olar. Millət odur ki, ən çətin anda birləşir və özünü təsdiq edir”. Fikrimizcə, bu, yerində deyilmiş bir fikirdir. Milli mənlik şüuruna dəyər verən, öz keçmişini unutmayan, gələcəyinə nikbin baxan, mədəniyyətlərinə sahib çıxan millət böyükdür və yaşamağa layiqdir.
Millətə etnik-siyasi birlik forması kimi yanaşıldıqda milli dövlətçilik və milli şüur milli varlığın zəruri ünsürü kimi müəyyən edilir. Mütəxəssislərin fikrincə, millətlərin varlığını siyasi (dövlətçilik), sinfi, elmi-texniki, ictimai quruluş və s. amillərlə deyil, məhz etnik amillərlə (mənəvi dəyərlərlə) müəyyən etmək daha düzgündür.


Milli mənlik milli şüurun bir komponentidir

Milli şüur uzun bir tarixi inkişaf prosesinin məhsuludur. Belə ki, milli şüurun inkişafında bütün ictimai-siyasi hadisələr - sosial sarsıntılar, milli mübarizə motivləri öz izini qoyur. Bunun ən bariz nümunəsi kimi erməni qəsbkarlarının torpaqlarımızı işğal etməsi nəticəsində təbiətə vurulan ziyanları göstərmək olar. Bu, milli və ekoloji şüurun inkişaf etdirilməsini tələb edir. Burada milli mənlik şüurunun inkişafı böyük rol oynayır. Milli mənlik milli şüurun bir komponentidir. Milli mənliyin əsasını insanın - hər bir fərdin mənsub olduğu millət və ya xalqın onu əhatə edən sosial həyatın bütün sahələrinə bəslədiyi subyektiv əqidəsi təşkil edir. Milli mənliyə vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətlərini qorumaq və s. ilə bağlı olan sosial keyfiyyətlər daxildir. Milli mənlik şüuru sayəsində millət xalq və etnik qrup maddi və mənəvi sərvətlərinin tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə dərk edir, bunlar bağlı olan bu və ya digər hadisəyə öz münasibətini bildirir. Milli mənlik şüuru vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının qəlbinə hakim kəsilməlidir.
Şübhəsiz ki, milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud ola bilməz. O, insana xas olan şüurun daxilində, özü də yüksək səviyyədə təzahür edir. Mənlik şüuru insanın özünün fikir və hisslərinin, mənafe və məqsədlərinin öyrənilməsinə yönəlir. Bu halda insanın daxili aləmi şüurun obyekti kimi çıxış edir.
Milli mənlik şüuru ayrı-ayrı şəxslərin və ümumilikdə cəmiyyətin böyük uğurlar qazanmasına stimul verir. Müşahidələr göstərir ki, keçmişə, tarixə və ənənələrə olan inamı itirmək mədəniyyət və sivilizasiyanın tənəzzülünə aparıb çıxarır. Təcrübə milli mənlik şüuru və vətənpərvərlik hisslərinin bəşəriyyətin real tərəqqisi, elm, texnika, idman və iqtisadiyyatın inkişafı istiqamətində əhəmiyyətli rol oynadığını göstərir. Vətənpərvərlik hissi insanları birləşdirir, mübarizliyə səsləyir, onların əsl vətəndaş kimi formalaşmasına bilavasitə təsir edir. Bu, eyni zamanda elmin, texniki tərəqqinin inkişafına yol açır. Uşaqların və gənclərin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyəsində bəzi meyarlar böyük əhəmiyyət kəsb edir. Məsələn, öz kökünə bağlılıq vətənin, xalqın tarixini dərindən bilmək, soykökünə hörmət göstərmək kimi meyarları özündə birləşdirir. Emosional meyarlar isə digər insanlara hörmət, ana yurda, doğma təbiətə məhəbbət, təbii sərvətlərə qayğını ifadə edir. Fəaliyyət meyarı isə insanın müəyyən sahədə qabiliyyətini, özünütəsdiqetmə bacarığını, vətənin, torpağın şərəfini öz şərəfindən üstün tutmağı əks etdirir. Bu meyar tarixi abidələri, dövlət əmlakını qorumağı, yaşlı insanların, kiçikyaşlı uşaqların qayğısına qalmağı, sağlam həyat tərzi keçirməyi, ətraf mühitə qayğını, fiziki və mənəvi kamillik prinsiplərini əsas götürür.
Müşahidələr göstərir ki, uşaqların və gənclərin vətənpərvərlik tərbiyəsində onların vətəndaşlıq mövqeyinin formalaşması ən vacib amildir. Mütəxəssislər burada əsas diqqətin onların bir-biri ilə qarşılıqlı münasibətlərinə, əxlaqi və mənəvi dəyərlərinin formalaşmasına yönəldiyini deyirlər. Vətəndaşlıq mövqeyinin formalaşması, eyni zamanda, milli mədəniyyətə, adət-ənənələrə, ana dilinin qorunmasına, doğma yurda məhəbbətə, vətən qarşısında öz borcunu yerinə yetirməyə, sağlam həyat tərzinə böyük diqqət artırılmasını tələb edir.
Bu gün hamımız övladlarımızın taleyi üçün məsuliyyət daşıyırıq. Ona görə məsuliyyət daşıyırıq ki, bu gün qayğısız böyüyən övladlarımız sabah vətənin, dövlətin müqəddəratı üçün laqeyd olmasınlar. Hər birimiz bilməliyik ki, vətən məhz onlara əmanətdir. Əlimizdən gələni etməliyik ki, övladlarımız babalarımızdan yadigar qalan torpağın, vətəndaşı olduqları ölkənin mənafeyini layiqincə müdafiə etməyi bacarsınlar. Bir sözlə, gənclərimizin sağlamlığı, onlarda milli mənlik şüurunun inkişafı, vətənpərvərlik hisslərinin tərbiyə edilməsi hamımızdan asılıdır.
Mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini bildirir. Sosial şəratidən asılı olaraq mənlik şüuru dəyişir. Yəni insan öz hərəkət və davranışını sərbəst surətdə seçir, başqaları qarşısında məsuliyyət daşıdığını dərk edir. Bu cür şüura malik olan insan özünü təhlil və özünümühakimə qabiliyyətinə malik olur. Beləliklə, qeyd etmək lazımdır ki, milli şüur, milli hisslər, milli mənlik şüuru ekoloji şüurun yaranmasına, millətin özünü dərk etməsi prosesinə təsir göstərir və cəmiyyətdə öz mövqeyinin möhkəmlənməsinə kömək edir.

Milli-mənəvi dəyərlər cəmiyyətin sərvətidir


Milli-mənəvi dəyər dedikdə, hər bir xalqa məxsus olan sərvətlərin, adət-ənənələrin, mədəni irsin, dini-fəlsəfi baxışların formalaşması nəzərdə tutulur. Burada irəli sürülən müddəa Azərbaycanda milli ideologiya təşəkkül tapana qədər Azərbaycan xalqı arasında hər hansı bir ideyanın və yaxud ideyaların olmaması anlamına gəlmir. Əksinə, həmin dövrə qədər mövcud olan mədəni irsin, dini-fəlsəfi təsəvvürlərin, milli xüsusiyyətlərin vahid şəklə salınması kimi başa düşülür. Milli mənəvi dəyərlər millətin varlığını ortaya qoyan əsas faktorlardan biri olan mənəviyyatla sıx bağlıdır. İnsanın təmsil olunduğu etnik çərçivədə özünün təsdiqini tapmasıdır. Mütəxəssislərin fikrincə, milli mənəvi dəyərlərin yaradıcısı millətin ayrı-ayrı üzvləri olsa da, həmin üzvlərin mənəvi-ideoloji, əxlaqi ideyaları sonralar bütövlükdə cəmiyyətin ümumi sərvətinə çevrilir. Azərbaycan xalqı da milli dilini, düşüncəsini, xarakterini, inancını, dinini, adət-ənənələrini və s. məhz milli-mənəvi dəyərlər şəklində qoruyub saxlamaqdadır.
Milli düşüncə tərzi milli mənəvi dəyərlərdən milli özündərkə bir keçiddir. Belə ki, bir xalqda milli mənəvi dəyərlər o vaxt milli öznəməxsusluq səviyyəsində meydana çıxır ki, həmin xalqda milli oyanışa, milli özündərkə ehtiyac yaranır. Milli düşüncənin yüksəlməsi ilə milli özünüdərk prosesi başlayır. Lakin hər bir anlayış milli özünüdərk səviyyəsinə yüksəlib, milli düşüncəyə çevrilə bilməz. Yalnız milli oyanış, milli özündərk və bu kimi digər anlayışlar, milli mənəviyyat səviyyəsinə, daha sonra milli düşüncəyə qədər yüksələ bilər. Yetər ki, onun ciddi elmi, fəlsəfi, iqtisadi, siyasi və s. əsasları olsun. Çünki milli düşüncədən fərqli olaraq milli özünüdərk hər hansı bir etnik kütlənin başqalarından fərqini dərk edib, özünü bir millət kimi təsdiq etməsidir.
Milli mənəvi dəyər də, milli ideya da xalqın soykökü, dili, dini və başqa vacib əlamətlərini əks etdirir. Hər bir xalq özünün milli xüsusiyyətlərini qoruyub saxlamaq üçün bir çox sərvətlərini - dilini, müstəqilliyini, dini-fəlsəfi dünyagörüşünü, mədəniyyətini və s. milli mənəvi dəyərlər, yaxud da milli düşüncə kimi yaddaşlarda yaşadır və nəsillərdən-nəsillərə ötürür. Ancaq elə milli mənəvi dəyərlər var ki, bu günə qədər qorunub saxlansa da, onları milli ideya kimi qəbul etmək doğru olmaz. Məsələn, yaşlı insanlara, ağsaqqallara hörmət, qadına - anaya münasibət, vicdanlılıq, toy və yas mərasimləri xalqımız milli mentaliteti ilə sıx bağlıdır. Bütün bunlar daha çox, yuxarıda qeyd olunan milli düşüncə anlayışına aiddir.
Anar Əhmədov

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi 
nformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi 
Fondunun maliyyə dəstəyi ilə çap edilir.