Bakıda keçiriləcək birinci Avropa Oyunlarının proqramına daxil ediləcək idman növləri martın ortalarında məlum olacaqdır

Bakıda keçiriləcək birinci Avropa Oyunlarının proqramına daxil ediləcək idman növləri martın ortalarında məlum olacaqdır


2015-ci ilin yayında Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hərtərəfli hazırlıq gedir. Respublikamızda ötən əsrin 70-80-ci illərində inşa olunmuş idman qurğularının hazırkı vəziyyətləri öyrənilir. Həmin qurğularda görüləcək yenidənqurma işləri ilə bağlı müzakirələr aparılır.
Bu sözləri "Gülüstan" sarayında "Azərbaycanda Olimpiya Hərəkatı: daim yüksəlişdə" adlı ikicildlik kitabın təqdimat mərasimində iştirak edən gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə müsahibəsində demişdir.

Nazir bildirmişdir ki, hansı idman növlərinin birinci Avropa Oyunları proqramına daxil ediləcəyi bu il martın 15-dən 20-dək tam müəyyənləşəcəkdir. Proqrama daxil edilməsi nəzərdə tutulan idman növlərindən ikisi qeyri-Olimpiya, qalanları isə Olimpiya idman növləridir.
Hazırda birinci Avropa Oyunları Təşkilat Komitəsinin işçi qrupunun formalaşdığını deyən A.Rəhimov bu məqsədlə xaricdən mütəxəssislərin də dəvət olunduğunu vurğulamışdır. Bildirmişdir ki, birinci Avropa Oyunlarında sahələr müxtəlifdir. Elə sahələr var ki, həddindən artıq böyük təcrübə tələb edir. Məhz buna görə də işçi qrupunda təmsil olunmaq üçün London, Afina, Vankuver və digər Olimpiya oyunlarında təşkilatçı olmuş mütəxəssislər dəvət olunurlar.
İnşa olunması nəzərdə tutulan idman obyektlərindən də danışan nazir qeyd etmişdir ki, hazırda Bakıda bütün standartlara cavab verəcək yeni su-hovuz kompleksinin, Olimpiya stadionunun və gimnastika kompleksinin tikintiləri də davam etdirilir.
Olimpiya kəndinin tikintisinin nəzərdə tutulmadığını deyən A.Rəhimov bu gün Bakıda tikilməkdə olan komplekslərlə bağlı nazirliyin Milli Olimpiya Komitəsi ilə birgə müxtəlif özəl şirkətlərlə danışıqlar aparıldığını vurğulamışdır.