BMT-nin baş katibi Azərbaycana dəvət edilib
ABŞ-da səfərdə olan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov BMT-nin baş katibinin müavini Yan Eliasson ilə görüşmüşdür.
Nazir cari ilin oktyabrın 28-dən 30-dək Bakıda keçiriləcək ilk "Gənclər siyasəti üzrə Qlobal Forumu”na BMT-nin baş katibi Pan Gi Munun rəsmi dəvət məktubunu Y.Eliassona təqdim etmişdir.
Səfər çərçivəsində BMT-nin Baş katibinin İctimai Əlaqələr və Məlumat üzrə müavini Piter Launski-Tieffenthalla görüşən Azad Rəhimov ona Azərbaycan hökumətinin uğurlu gənclər siyasəti haqda məlumat vermiş və bu modelin digər ölkələr üçün də örnək ola biləcəyini qeyd etmişdir.
Görüş əsnasında Azərbaycanın BMT-nin müxtəlif qurumları, o cümlədən BMT baş katibinin gənclər üzrə xüsusi elçisinin ofisi ilə apardığı əməkdaşlığın perspektivləri müsbət qiymətləndirilmişdir.
Bakıda keçiriləcək "Gənclər siyasəti üzrə Qlobal Forum”la bağlı hazırlıq görüşündə də iştirak edən nazir Forumun əhəmiyyətindən söz açaraq demişdir: "Azərbaycanın gənclər sahəsində böyük təcrübəsi və uğurlarını nəzərə alsaq, gənclər siyasəti tarixində ilk dəfə olaraq keçiriləcək və dünya gənclər siyasəti ekspertlərini bir araya gətirəcək Qlobal Foruma məhz ölkəmizin ev sahibliyi etməsi təsadüfi deyil”.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə öz növbəsində Foruma hazırlıq istiqamətində görülmüş işlərdən söz açaraq, bu mötəbər tədbirin Bakıda yüksək səviyyədə keçirilməsi üçün bütün şəraitin yaradıldığını qeyd etmişdir.
Tədbirdə həmçinin BMT Baş katibinin gənclər üzrə xüsusi elçisi Əhməd Əlhəndavi, BMT-nin İctimai məlumat şöbəsi və Avropa Şurasının nümayəndələri Maher Nasser və Rui Gomes də çıxış etmişlər.
Azərbaycan hökumətinin gənclər siyasətinə ayırdığı diqqəti xüsusilə vurğulayan natiqlər, Foruma ev sahibliyi etmək təklifini dəstəklədiyi üçün ölkəmizə öz təşəkkürlərini bildirmişlər.
Qeyd edək ki, bu, "Gənclər siyasəti üzrə Qlobal Forum”la bağlı ikinci hazırlıq görüşüdür. İlk görüş 2013-cü ilinin noyabrında Fransanın Strasburq şəhərində keçirilmişdir.