Hamad Kalkaba Malboum: “Azərbaycan gənc dövlət olsa da, idman sahəsində inanılmaz uğurlar əldə etmişdir”

Hamad Kalkaba Malboum: “Azərbaycan gənc dövlət olsa da, idman sahəsində inanılmaz uğurlar əldə etmişdir”

"Azərbaycan gənc ölkə olsa da, idman sahəsində inanılmaz uğurlar əldə etmişdir”.
Bu sözləri Azərbaycanda səfərdə olan Beynəlxalq Hərbi İdman Şurasının prezidenti, həmçinin Kamerun Milli Olimpiya və İdman Komitəsinin prezidenti Hamad Kalkaba Malboum fevralın 27-də gənclər və idman naziri Azad Rəhimov ilə görüşündə demişdir.
Rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən danışan Hamad Kalkaba Malboum bildirmişdir ki, Azərbaycan tərəfi ilə əldə olunmuş razılaşmaya əsasən, hərbçilər arasında futbol üzrə birinci Dünya kuboku yarışları iyunun 30-dan iyulun 16-dək Bakı şəhərində keçiriləcəkdir.
Beynəlxalq Hərbi İdman Şurasının minlərlə hərbçini bir araya gətirdiyini, sülhə və dostluğa xidmət etdiyini diqqətə çatdıran qonaq demişdir ki, bu tədbirin təşkilində Azərbaycan öz yardımını göstərməklə sülhsevər ölkə olduğunu bir daha sübut edir.
Azərbaycana üçüncü dəfə səfər etməsindən məmnunluğunu bildirən H.K.Malboum 2019-cu ildə hərbçilərin yay Olimpiya oyunlarının Bakıda keçirilməsi ilə bağlı dövlətimizin başçısına təklif verdiyini demişdir.
Görüşdə nazir A.Rəhimov qonağa Azərbaycan idmançılarının qazandıqları uğurlar barədə məlumat vermişdir. Bildirmişdir ki, son illər ölkəmizdə 40-dək yeni Olimpiya İdman Kompleksi, bir sıra müxtəlif idman növləri üçün xüsusi idman mərkəzləri istifadəyə verilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Beynəlxalq əhəmiyyətli yarışların keçirilməsində Azərbaycanın kifayət qədər təcrübəsi olduğunu vurğulayan A.Rəhimov demişdir ki, 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatının Bakıda yüksək səviyyədə təşkili bunun əyani sübutudur.
Qarşıdakı illərdə ölkəmizin bir sıra mötəbər yarışlara ev sahibliyi edəcəyini bildirən nazir demişdir ki, 2015-ci ildə Dünya kuboku və 2016-cı ildə Beynəlxalq Şahmat Olimpiadası Bakıda keçiriləcəkdir. Azərbaycan gələn il Dünya İdman Mətbuatı Assosiasiyası olan AİPS-in növbəti konqresinə də ev sahibliyi edəcəkdir.
Qeyd olunmuşdur ki, hazırda Bakı şəhərinin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını keçirmək üçün namizədliyi irəli sürülmüşdür. Bununla bağlı müvafiq texniki kitab hazırlanaraq İslam Həmrəyliyi İdman Federasiyasına təqdim olunmuşdur. Ən əsası isə Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının qərarı ilə 2015-ci ildə birinci Avropa Oyunlarını təşkil etmək hüququ Bakıya verilmişdir.